
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri ilə görüşü Türk dünyasında mənəvi həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bakıda keçirilən TDT Müsəlman Dini Rəhbərləri Şurasının VII toplantısı çərçivəsində baş tutan görüşdə müxtəlif türk dövlətlərinin dini qurumlarının rəhbərlərinin iştirakı tədbirin beynəlxalq və regional əhəmiyyətini daha da artırıb.
Prezident İlham Əliyevin çıxışında əsas diqqət İslam həmrəyliyinin yalnız siyasi və dini müstəvidə deyil, praktiki əməkdaşlıq və qarşılıqlı anlaşma əsasında möhkəmləndirilməsinə yönəldilib. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda birləşdirici və əməkdaşlığa istiqamət verən mövqe nümayiş etdirir. Bu yanaşma ölkənin Türk dünyası ilə münasibətlərində də özünü göstərir.
Görüşün mühüm məqamlarından biri də Türk dünyasının dini liderlərinin bir araya gəlməsinin müsəlman cəmiyyətləri arasında qarşılıqlı dialoqun inkişafına xidmət etməsidir. Şuranın Bakı toplantısında dini qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, ailə institutunun qorunması, elm və texnologiyaya İslamın yanaşması kimi aktual məsələlərin müzakirə olunması dini-mənəvi dəyərlərlə müasir çağırışların uzlaşdırılmasının vacibliyini göstərir.
Azərbaycanın bu prosesdə fəal rol oynaması təsadüfi deyil. Ölkəmiz son illərdə həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də İslam dünyasında əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin sözlərindən də göründüyü kimi, Azərbaycanın əsas yanaşması müsəlman dünyasının parçalanmasına deyil, qarşılıqlı anlaşma və birliyə töhfə verməkdir.
Görüşün Qarabağa səfərlə əlaqələndirilməsi də xüsusi məna daşıyır. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq prosesini yaxından görmək imkanı yaradacaq. Beləliklə, Bakı görüşü yalnız dini dialoq platforması deyil, həm də Türk və İslam dünyasının nümayəndələrinin Azərbaycan reallıqları ilə tanışlığı baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.
Bu baxımdan sentyabrın 15-də keçirilən görüş Türk dünyasının ortaq mənəvi dəyərlər ətrafında daha sıx əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi diqqəti cəlb edir.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



