2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı saziş imzaladı.
Ötən 15 il sübut etdi ki, belə bir sazişin imzalanmasına böyük ehtiyac vardı. Bu 15 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirildi. Eləcə də mədəniyyət, incəsənət, iqtisadiyyat, ticari əlaqələr və digər sahələrdə əməkdaşlığımız inkişaf etdi və şübhəsiz bu işlər bundan sonra daha da uğurla davam edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfəri bir çox hadisə ilə yadda qaldı. Dövlətimizin başçısı “Çingiz Aytmatov” ordeni ilə təltif edildi və bu ali mükafata layiq görülməsi onun qırğız yazıçısına ehtiramının bariz nümunəsi idi. Ali mükafat dövlətimizin başçısına Bişkek yaxınlığında, Ala-Arçada yerləşən Çingiz Aytmatovun ev-muzeyini ziyarət edərkən mərhum ədəbiyyat xadiminin oğlu Eldar tərəfindən təqdim edilib. Aytmatovun həyatının son 20 ilini keçirdiyi bu ev 2014-cü ildə ailəsi tərəfindən muzeyə çevrildikdən sonra ilkin formada qorunub saxlanılıb. Prezident İlham Əliyev səfəri zamanı muzeyin fəxri qonaqlar kitabına Aytmatovun dünya ədəbiyyatına və mədəniyyət diplomatiyasına dərin təsirindən bəhs edən təsirli sözlər yazıb. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevdən sitat gətirərək vurğulayıb ki, Aytmatov təkcə Qırğızıstanın fəxri deyil, həm də Türk dünyasının hörmətli şəxsiyyətidir.
Çıxışda TDT çərçivəsində iqtisadi-ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində təşəbbüsləri və baxışı, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən ətraflı bəhs olunub.
Bişkek zirvəsinin detallarına toxunmadan öncə onu vurğulamaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan sazişi ilə əsası qoyulan bu təşkilatın missiyası tarix, dil və mədəniyyət yaxınlığına malik olan üzv ölkələrin bütün sahələrdə mövcud yüksəksəviyyəli əlaqələrinin beynəlxalq müstəvidə əhəmiyyətini, təsir gücünü artırmaqdır. Bu nöqteyi-nəzərdən son illərdə Türk dünyasının birliyinə xidmət edən mühüm layihələr icra olunub, əməkdaşlığa ciddi təkan verən, TDT-nin nüfuzunu gücləndirən addımlar atılıb. Cari il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünü, dialoqlar çərçivəsində imzalanan “Qarabağ Bəyannaməsi”ni, eyni zamanda cari ilin sentyabr ayında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbulunu həm ictimai, siyasi, həm də elmi, humanitar cəhətdən birliyin möhkəmlənməsinə xidmət nümunələri kimi diqqətə çəkmək olar. Bu birlik özünü Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış siyasətinin timsalında da aydın şəkildə göstərir. “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı Ermənistanın 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə kəndimizi tamamilə məhv etdiyini bildirən ölkə başçısı aparılan bərpa-quruculuq tədbirlərində üzv ölkələrin dəstəyini bir daha xüsusi vurğuladı: “İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Fürsətdən istifadə edərək Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”
Beynəlxalq qurum və təsisatlara inamın azaldığı bir dövrdə tarixi Naxçıvan sazişi ilə əsası qoyulmuş TDT-nin yaradılmasından ötən 15 il ərzində təşkilatın bölgədə və dünyada etibarlı regional təşkilata çevrilməsinin məmnunluq doğurduğu qeyd edilib.
İslam Bafadarov,
YAP-ın gənc fəalı