Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması məhz bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur.
Azərbaycan türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini öz xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 5-6-iyul 2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşü uğurla baş tutdu. Görüşdə Azərbaycan, Özbəkistan, Qırğız, Qazaxıstan prezidentləri, Türkiyə Respublikasının vitse-prezidenti, Macarıstanın baş naziri, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, Türk Dövlətləri Təşkilatının Baş katibi iştirak edirdilər. Tədbir beynəlxalq münasibətlər sistemində böyük maraq yaradıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandr!” reallığının nümayişi oldu.
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi hadisədir. Əslində, TDT-nin Şuşa Zivəsi Azərbaycanın azad olunmuş ərazisində düzənlənən beynəlxalq səviyyəli siyasi tədbir sayılır. Budəfəki toplantıya qatılacaq iştirakçı dövlətlərin genişlənən coğrafiyası onu deməyə əsas verir ki, TDT, həqiqətən, dünyanın gündəminə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir.
Beynəlxalq təcrübədən məlumdur ki, xarici investorlar təhlükəsizliyə xüsusi önəm verirlər. Çünki onlar qoyduqları kapitalın risklərlə üzləşməsini istəmirlər. Azərbaycanın işğaldan azad olunmuş ərazisində bu səviyyədə tədbirlərin keçirilməsi Qarabağın investisiyalar üçün cəlbedici bölgə olduğunu əyani şəkildə nümayiş etdirir. Təşkilata üzv ölkələr və onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki fikirlərini nəinki bölüşür, həmçinin özləri də imkanları çərçivəsində təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Lakin, heç şübhəsiz, Azərbaycan Liderinin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bünyatova Aynur,
Xəzər rayonu, 234 №li məktəbin əməkdaşı