AnalitikaGündəmSiyasət

Türk Dövlətləri ilə Nəqliyyat Sahəsində Əməkdaşlığın Güclənməsi

Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir dövrdə, nəqliyyat sahəsində inteqrasiyanın gücləndirilməsi regional və qlobal əhəmiyyət kəsb edən mühüm məsələlərdən birinə çevrilmişdir. Coğrafi baxımdan strateji mövqedə yerləşən Türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan – Asiya və Avropa arasında körpü rolunu oynayaraq, beynəlxalq yükdaşımaların inkişafında mühüm rol oynayırlar

Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Çin və Avropa arasında ən qısa və təhlükəsiz yol kimi ön plana çıxır. Bu dəhliz, Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə və Avropa xəttini əhatə edir. Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri kimi mühüm tranzit qovşağına çevrilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bu layihənin mühüm infrastruktur elementləridir.

2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə illik 5 milyona qədər yük daşına bilər. Bu xətt Türk dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və nəqliyyat sektorunun rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. Eyni zamanda, Qazaxıstan və Özbəkistan kimi ölkələr dəmir yolu və avtomobil yolları vasitəsilə bu dəhlizə inteqrasiya olunmaqda davam edirlər.

Türk dövlətləri arasında nəqliyyatın inkişafını ləngidən ən əsas maneələrdən biri də gömrük prosedurlarının mürəkkəbliyidir. Bu sahədə aparılan islahatlar, elektron məlumat mübadiləsi və “bir pəncərə” sistemi kimi yeniliklər, daşımaların səmərəliliyini artırmağa yönəlib. Bu həm regional ticarəti asanlaşdırır, həm də logistika sektorunun daha şəffaf və sürətli fəaliyyətinə şərait yaradır.

Türk Dövlətləri Təşkilatı (TDT) nəqliyyat sahəsində ortaq siyasətin formalaşdırılması və icrası üçün mühüm platforma rolunu oynayır. Təşkilat çərçivəsində keçirilən sammitlər və nazirlər səviyyəsində görüşlər zamanı ortaq nəqliyyat strategiyası, marşrutların təkmilləşdirilməsi və yeni layihələrin təşviqi müzakirə olunur.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi, həm regionun iqtisadi inkişafına, həm də Avrasiya məkanında strateji nəqliyyat dəhlizlərinin formalaşmasına təkan verir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, siyasi və mədəni inteqrasiyanı da gücləndirərək, Türk dövlətləri arasında birliyin daha da möhkəmlənməsinə xidmət edir.

Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button