Analitika

Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır

“Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elmi və göz xəstəlikləri tədqiqatları inkişaf edən sahələrdən birinə çevrilib. Zərifə xanım Əliyeva ölkəmizi keçmiş Sovet İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdi. Zərifə Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirib, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənib”.

Bunu “Globalnews.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Zərifə xanım Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb: “Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edib. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alimyalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Zərifə xanım Əliyeva traxoma ilə yanaşı qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparırdı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması isə klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi”.

“Zərifə xanım Əliyeva 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olub” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Zərifə xanım Əliyevasəhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib: “Birbaşa Zərifə xanım Əliyevanınrəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım Əliyeva tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım Əliyevanın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb”.

Oxşar Xəbərlər

Back to top button