Analitika

Torpaqlarımızda törədilən ekoloji terrora heç bir halda susa bilmərik

Hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazilərimizdə təbii sərvətlərimizin talan edilməsi məsələsi xüsusilə intensiv xarakter almışdır. Xalqımızın narahatlığına səbəb olan bu məsələ ilə bağlı dövlətimiz tərəfindən adekvat addımlar atılsa da sülhməramlıların verdiyi vədə xilaf çıxması bu addımların nəticəsiz qalmasına gətirib çıxardı. Azərbaycan xalqına məxsus təbii sərvətlərin talan edilməsinə haqlı olaraq xalqımız da səssiz qalmadı.Dövlət nümayəndələrinin əraziyə girişinə maneəçilik törədilməsi və monitorinqin keçirilməsinin qarşısının alınmasından dərhal sonra aidiyyəti sahə ilə əlaqədar azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti üzvləri tərəfindən Şuşa-Xankəndi yolunda aksiyalar başladıldı. Başladılan bu aksiyaya cəmiyyətin hər bir təbəqəsindən dəstək ifadə olundu və qısa müddətdə aksiya iştiakçılarının sayı artmağa başladı. Əslində vətənpərvər hər bir şəxs yaşından, cinsiyyətindən və ya sosial durumundan asılı olmadan bu aksiyaya qoşulmağa və sərvətlərimizin qorunmasında, milli maraqlarımızın təmin olunmasında rol oynamağa can atmaqdadır. Şərtlər buna bir qədər imkan verməsə də hər birimizin qəlbi orada döyünür. Sözügedən aksiyanın artıq 5-ci günüdür.

Məlumdur ki, Şuşa şəhəri təbiəti səbəbilə soyuq bir bölgədir və orada olan insanlar günlərdir ki, bu soyuğa, çətin şəraitə və daha bir çox narahatlıqlara rəğmən həmin ərazini tərk etmir və günü-gündən etirazçıların sayında artım müşahidə olunur. Rəsmi İrəvan və onun havadarları aksiyaya fərqli don geyindirməyə, bunun Xankəndidə humanitar fəlakətə səbəb olduğu illuziyasını yaratmağa çalışsa da reallıq budur ki, ermənilər Azərbaycana məxsus sərvətlərin oğurlanmasını həyata keçirir, sülhməramlılar isə ən yuşğaq təbirlə buna “göz yumur”du. Azərbaycanlı fəallar isə hazırda məhz bunun qarşısını almağa çalışır. Azərbaycanın nə qədər humanist bir dövlət olduğu bu günə qədər atdığı addımlardan, tutduğu mövqedən hamıya yaxşı məlumdur. Amma bölgədə marağı olan dövlətlər bunu görməzdən gələrək, öz mənfəətləri naminə yenə ədaləti, beynəlxalq hüququ bir kənara qoyur və işğalçı Ermənistana dəstək ifadə edirlər. Əslində bu bizi qətiyyən təəccübləndirmir. Çünki, 30 il Azərbaycan torpaqlarının işğalına göz yumanlar, bir milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvasından qovulmasına susanlar, ölkəmizə məxsus milli-mədəni-dini obyektlərin məhv edilməsini görməzdən gələnlər indi ədalət çarçısı ola bilməzlər. Onlar üçün ədalət şəxsi maraqlarının, mənfəətlərinin təmin olunmasıdır. Bu yolda insanların öldürülməsi, təbitəin məhv edilməsi və ya beynəlxalq hüquqa zidd addımların atılması heç kim üçün narahatedici faktor deyil. Amma Azərbaycan dövləti və xalqı buna göz yummayacaq.

Moskvadan xüsusi missiya ilə göndərilən Vardanyan kimilərin Qarabağda at oynatmasına heç kimimkan verməyəcək. O cümlədən, əsas vəzifəsi sülhə xidmət olan Rusiya sülhməramlılarının da bu cinayətlərə göz yumması və ədalət üçün çalışan dövlət qurumlarımızın nümayəndələrinə şərait yaratmaması da unudulmayacaq. 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də ədaləti məhz Azərbaycan özü bərpa edəcək. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın vəziyyəti fərqli təqdim etməyə çalışmasına və bir çox havadarlarının buna dəstək olmasına baxmayaraq azərbaycanlı ekofəalların niyyəti sadəcə təbii sərvətlərimizin talan edilməsinin qarşısını almaqdır. Bunu, humanitar fəlakət, etnik təmizləmə kimi qələmə vermək ən bəsit təbirlə absurdluqdur. Onu da qeyd etmək yerinə düşər ki, yolu bağlayan və hərəkətə şərait yaratmayan məhz Rusiya sülhməramlı kontingentidir. Hansı ki, bu kontingent hazırda əliyalın dinc aksiya keçirən soydaşlarımızın qarşısında əlində qumbaraatan, tank əleyhinə silah, pulemyot tutur, hadisə yerinə ağır texnika daşıyır. Bu mənzərə bizə, 1990-cı ilin soyuq yanvar gecəsini xatırlatsa da bu həmvətənlərimizi qorxutmur, onlar bir addım belə geriləmədən “sülhməramlı”ların gözünün içinə dik baxaraq Azərbaycan himnini, “Xudayar təsnifi”ni, “Sarı gəlin”i ifa edirlər. Əllərində şanlı bayraq, ədaləti tələb edən şüarlarla gecə-gündüz demədən sərvətlərimizin keşiyini çəkirlər. Bundan necə qürurlanmamaq olar?!

Bu gün Azərbaycan cəmiyyəti bir daha özü ilə, öz soydaşları ilə qürur duyur, fəxr edir. Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən hər bir fəal 10 milyon azərbaycanlını təmsil edir. Tam əminik ki, aksiya nə qədər lazımdırsa o qədər davam edəcək və sonda öz məqsədinə çatacaq. Haqq, ədalət 2 il öncə olduğu kimi yenə öz yerini tapacaq.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button