Tokioda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi açılıb
Dekabrın 9-da Azərbaycanın Yaponiyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi açılıb.
Tədbirdə səfirliyin əməkdaşları, Yaponiya KİV-ləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Ulu Öndər Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanı keçmiş sovet respublikaları arasında geridə qalmış respublikadan ən qabaqcıllar sırasına çıxarıb. Onun rəhbərliyi ilə yeni sənaye müəssisələri inşa edilib, kənd təsərrüfatı sahəsində görünməmiş uğurlar əldə edilib.
Müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər qısa zaman kəsiyində Ermənistan tərəfindən davam edən işğalın qarşısını alıb, ölkə daxilindəki xaosu aradan qaldıraraq, Azərbaycanın dağılmış iqtisadiyyatının bərpasına nail olub. Məhz onun gərgin əməyi sayəsində Azərbaycanın zəngin karbohidrogen ehtiyatları beynəlxalq konsorsium tərəfindən dünya bazarlarına çıxarılaraq, Avropa ölkələrinin enerji mənbələri ilə təminatında mühüm rol oynayıb. Azərbaycan beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaş kimi tanınıb. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini bölüşən Yaponiyanın nüfuzlu “Pavone“ jurnalının baş redaktoru Akira Matsuda deyib: “Heydər Əliyev Azərbaycan xalqının tarixində əvəzedilməz rol oynayıb. Məhz bu böyük şəxsiyyətin gərgin əməyi sayəsində Azərbaycan mühüm uğurlara imza ataraq regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Əminəm ki, bu dahi şəxsiyyətin əziz xatirəsi həm Azərbaycan xalqının, həm də Azərbaycanın əsil dostlarının xatirəsində əbədi yaşayacaq”.
Tədbirdə Ümummilli Liderin zəngin və çoxşaxəli dövlətçilik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Fotosərgi dekabrın 13-dək davam edəcək.