Analitika

Tibb elminə həsr olunmuş ömür

Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Zərifə xanım Əliyevanın mənalı həyat fəaliyyəti onun fədakarlığının təcəssümüdür. Görkəmli alimin Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Z. Əliyeva, həmçinin,yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Zərifə xanım Əliyevanın həyatında pedaqoji fəaliyyət də mühüm yer tutur. O, heç bir halda özünü sırf elmi axtarışlara qapanan bir alim kimi təsəvvür etmirdi. Zərifə xanım özü gecə-gündüz öyrəndiyi kimi, həm də bildiklərini başqalarına öyrətmək istəyirdi. özəl müəllim olan Zərifə xanım illərlə əldə etdiyi bilikləri həvəslə həkimlərə çatdırmağa böyük səy göstərirdi. Onun rəhbərliyi ilə bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.

Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir.

Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən- sintomisindən istifadə olunmasına həsr edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik idi. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Z.Ə.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.

Zərifə xanım ömrünün 62-ci baharında,1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Özündən sonra böyük irs qoymuş bu unudulmaz alim, qayğıkeş ana xalqımız tərəfindən hər zaman ehtiramla yad olunur!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button