AnalitikaGündəmMədəniyyətSiyasət

Tarixi Zəfərimizin Nişanəsi

“Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”. Bu sözləri Prezident İlham Əliyev 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində deyib. Bəli, Müzəffər Ali Baş Komandanın hərbi və siyasi platformada uğurlu siyasəti nəticəsində çox keçmədi ki, bayrağımız əbədi və əzəli məskənlərində qürurla dalğalandı. 44 günlük Vətən müharibəsinin sonunda imzalanan  kapitulyasiya aktı və tarixi Zəfərimizə qovuşmağımızla ərazi bütövlüyümüz təmin edildi. Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda  bayrağımızı sancarkən “Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! deyə xalqa və dünyaya qətiyyətli mesajını ötürdü. Beləliklə, əzəli torpaqlarımızda dalğalanan bayraqlarımız tarixi Zəfərimizin nişanəsinə çevrildi.

Bayraq – hər bir xalqın milli kimlik, mövcudluq nişanıdır. “Bayraq” türk mənşəli sözdür, tarixi mənbələr göstərir ki, bayraq sözü türk dövlətlərində “Sancaq” kimi işlənmişdir. “Sanc” sancmaq mənasını ifadə etmiş, tarixən qəhrəmanlar qalibiyyətlərinin rəmzi kimi döyüş bölgələrinə bayraq sancardılar.

Azərbaycan bayrağının da tarixi qədimdir. Hələ tunc dövründən arxeoloji qazıntılar nəticəsində qəbilə başçıları, hökmdarlara məxsus üzərində müxtəlif rəmzlər olan bayraqlar aşkarlanmışdır.

Bayrağımızı zirvələrdə dalğalandırmaq üçün əsrlər boyu tarixin çətin sınaqlarından keçmişik. Bayrağımız bizimlə birgə siyasi çaxnaşmaların şahidi olmuşdur.  Əzmimiz, iradəmiz sayəsində  ictimai-tarixi tərəqqimiz milli müstəqillik səviyyəsinə yüksəlmiş, addım-addım ərazi bütövlüyümüzə qovuşmuşuq. Üçrəngli bayrağımızın şanlı tarixi Azərbaycan xalqının  bir məfkurə altında birləşərək milli birliyinin göstəricisinə çevrilmişdir.

Bayrağımız – qürurumuz, mənəviyyatımız, heysiyyatımızdır.  Bayraq varsa dövlət var, millət var. Əgər bayraq bir ölkənin hər bölgəsində dalğalanırsa orada əmin-amanlıq var, rifah var. Ulu Öndər Heydər Əliyevin 1990-cı il noyabr ayının 17-dən Naxçıvanda ucaltdığı bu bayraq Azərbaycanın vahid məfkurəsini, istiqlaliyyətini dünya dövlətlərinə göstərən ilk addımlar oldu və tələb edildi ki, Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Bayrağımız dönməzlik, əbədilik, istiqlal ideyalarının rəmzinə çevrildi.

Dövlət Bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Enli, üç üfüqi zolaqdan ibarət, türkçülük, müasirlik və islamlılıq ideyologiyasını özündə cəmləşdirən bayrağımızın fəziləti böyükdür. Qırmızı zolağın üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Rənglər, simvollar milli kimliyimizdə, milli özünüdərkimizdə böyük rol oynayır, özündə dərin məna kəsb edir.

2004-cü ildə “Azərbaycan Respublikası Dövlət  bayrağının istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanununda Dövlət bayrağının istifadəsinə dair tələblər əksini tapmışdır.

2009-cu il noyabrın 17-si Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin ildən noyabr ayının  9-u Dövlət Bayrağı Günü kimi rəsmiləşdi. Hər il bu günü biz təntənəli şəkildə milli dəyərlərimizə, azərbaycançılıq məfkurəsi altında vahid ideyologiyada birləşdiyimiz və gənc nəslə töhfə olaraq ərmağan etdiyimiz şanlı tarixin yazıldığı gün kimi qeyd edirik.

Dövlət rəmzlərinin mənasını başa düşən hər bir vətəndaş onun milli-mənəvi və azadlıq məfkurəsinin dəyərini anlayır. Bayraq istiqlal tariximizin şanlı simvolu olduğuna görə övladlarımıza da bu sevgini aşılamalıyıq. Ulu Öndər Heydər Əliyevin dediyi kimi  “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Tarixin qanlı, şanlı mübarizələrində bayrağımız şahidimiz olub,  ona sarılaraq beynəlxalq platformalarda özümüzü tanıdır, işğaldan azad edilmiş torpaqlarımızın azadlıq ildönümlərini onun dalğaları altında qeyd edirik. Həmin torpaqlarda dalğalanan bayraqlar bizim azadlıq rəmzimizdir. Azad olmayan xalqın bayrağı olmur. Buna görə də “Azadlıq” və “Bayraq” sözlərini bərabər sözlər hesab edə bilərik.

Bu gün aylı-ulduzlu bayrağımız ən yüksək zirvədə qürurla dalğalanır.  Əzəmətli, məğrur dalğaları ilə sanki bizi daha da böyük qələbələrə ruhlandırır.  Biz gənc olaraq fəxr edirik ki, bütöv Azərbaycanın bütün ərazilərində dalğalanan bayrağın və gələcək nəslimizə sinəmizi gərə-gərə danışacağımız şanlı tarixin canlı şahidləriyik.

Məlikova Fərqanə,
Bakı Slavyan Universiteti, müəllimi

Oxşar Xəbərlər

Back to top button