AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Tarixi Zəfərimiz qürur mənbəyimizdir

Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin, bu qələbə  qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi.

Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin edildi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin öz doğma yurduna qayıtmaq arzusu reallaşdırıldı.

Hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu və Ermənistan öz məğlubiyyətini etiraf edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxartdı. Beləliklə də, münaqişə hərbi-siyasi yolla öz həllini tapdı.

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi.

Müharibə sonrası Azərbaycan qarşısında azad olunmuş ərazilərinin yenidən tikilməsi və bərpası, bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm vəzifə dayanır. Bu işlərin mərkəzində on illiklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etmək dayanır. Zaman, maliyyə və ciddi səylər tələb edən bu prosesdə Azərbaycan tək deyil,  dost və tərəfdaş ölkələr bizimlə birlikdə azad olunmuş ərazilərin yenidən canlandırılmasında iştirak edirlər.

Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasəti nəticəsində törədilən qeyri-qanuni fəaliyyət, beynəlxalq hüquq pozuntuları, müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılıb və bu addımlar növbəti mərhələdə davam edəcəkdir. Günahkarların cəzalandırılması, ədalətin təmin olunması və gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması baxımından vacibdir. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

8 noyabr – Zəfər Günü, Azərbaycan  tarixinin şanlı səhifəsini təşkil etməklə, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

İradə Atakişiyeva,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Oxşar Xəbərlər

Back to top button