
Azərbaycanın dövlətçilik tarixində elə mərhələlər var ki, həmin dövrlər yalnız bir nəslin deyil, bütöv xalqın yaddaşında əbədi iz buraxır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da məhz belə mühüm tarixi mərhələnin siyasi mahiyyətini özündə əks etdirən mötəbər hadisə kimi diqqəti cəlb edir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın qarşısında dayanan yeni vəzifələrin aydın mənzərəsini ortaya qoyaraq göstərdi ki, qazanılmış Zəfər son deyil, daha böyük hədəflərə aparan möhkəm başlanğıcdır. Vaxtilə qarşıya qoyulan əsas məqsəd ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idisə, bu gün həmin tarixi nailiyyətləri qorumaq, ölkəmizin hərtərəfli inkişafını təmin etmək, insanların rifahını yüksəltmək və Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaq əsas prioritetlər sırasında dayanır. Bu baxımdan VIII Qurultay yeni siyasi və ictimai məsuliyyət dövrünün başlanğıcını ifadə edir.
Bu yeni mərhələnin mahiyyətində inkişafın davamlılığı və dövlət siyasətinin ardıcıllığı dayanır. Azərbaycan son illərdə böyük infrastruktur layihələri, iqtisadi islahatlar, sosial proqramlar və regionların inkişafına yönəlmiş tədbirlər hesabına öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. İndi əsas vəzifə əldə olunmuş potensialdan daha səmərəli istifadə etmək, hər bir şəhər və rayonun özünəməxsus imkanlarını üzə çıxarmaq, iqtisadi fəallığı artırmaq və insanların gündəlik həyatında müsbət dəyişiklikləri daha da sürətləndirməkdir. Rayonlarda fəaliyyət göstərən dövlət qurumlarının, ictimai təşkilatların və siyasi strukturların qarşısında duran vəzifələr də məhz bu məqsədlərlə səsləşməlidir. Çünki ölkənin ümumi inkişafı paytaxtdan regionlara qədər uzanan böyük bir yolun ayrı-ayrı hissələrinin bütöv mənzərəsidir. Hər bir kənddə çəkilən yol, yaradılan müəssisə, yenilənən məktəb, qurulan sosial obyekt və açılan yeni iş yeri Azərbaycanın inkişaf xəritəsində öz yerini tutur.
Bu gün ölkəmizin qarşısında duran əsas çağırışlardan biri də Zəfərin yaratdığı imkanları uzunmüddətli tərəqqiyə çevirməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng quruculuq işləri Azərbaycanın sülh, inkişaf və firavanlıq modelini nümayiş etdirir. Viran qalmış torpaqlarda yeni şəhərlərin salınması, kəndlərin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıtması tariximizin ən təsirli səhifələrindən birini yazır. Bu mənzərə həm keçmişin ağrısını, həm də gələcəyin ümidini özündə birləşdirir. VIII Qurultaydan irəli gələn vəzifələrin mahiyyəti də ondan ibarətdir ki, Azərbaycan əldə etdiyi tarixi nəticələri yeni iqtisadi, sosial, siyasi və mədəni uğurlarla daha da zənginləşdirsin. Bu yolda hər bir vətəndaşın məsuliyyəti, hər bir siyasi təşkilatın fəallığı və hər bir rayonun təşəbbüskarlığı ümumi məqsədə xidmət etməlidir.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkiılatının fəalı



