
2020-ci il noyabrın 10-u Azərbaycan xalqının yaddaşına əbədi yazıldı. Həmin gün Ermənistan kapitulyasiya aktına imza ataraq, təxminən otuz ilə yaxın davam edən işğal siyasətinə son qoydu. Bu, yalnız hərbi zəfər deyil, həm də milli qürur və ədalətin bərpası kimi qiymətləndirildi.
Müharibə dövründə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, müasir texnologiyalardan istifadə və xalqın birliyi qələbənin əsas təminatçısı oldu. Azərbaycan rəhbərliyi diplomatik müstəvidə də balanslı siyasət apararaq beynəlxalq dəstəyin qazanılmasına nail oldu. Nəticədə Ermənistan məğlubiyyətini qəbul etməyə məcbur edildi.
Ərazi bütövlüyünün bərpası həm siyasi, həm də mənəvi baxımdan mühüm dönüş nöqtəsi yaratdı. Azad edilən torpaqlarda üçrəngli bayrağın dalğalanması milyonlarla insanın illərlə gözlədiyi arzunun reallaşması idi. Hər bir qayıdış xəbəri məcburi köçkünlərin ümidlərini daha da gücləndirdi.
Bu tarixi hadisə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyini müəyyən edən bir mərhələ oldu. 10 noyabr sənədi yeni reallıqların əsasını qoyaraq, sülh və inkişaf üçün yeni imkanların açılmasına şərait yaratdı.
YAP Xəzər rayon təşkilatının fəalı
Nigar Cəlalova