AnalitikaGündəmSiyasət

Tarixi ədalətin bərpası

Bəzi tarixlər vardır ki, onların mənası bir günün hüdudlarınasığmır. 20 Sentyabr da Azərbaycan xalqı üçün belətarixlərdəndir. Bu gün müstəqil dövlətçiliyimizin möhkəmliyini, xalqımızın milli iradəsini və Azərbaycanın öz ərazi bütövlüyünütəmin etmək əzmini ifadə edən mühüm rəmzə çevrilib.

Uzun illər ərzində Azərbaycan xalqının ən böyük arzularındanbiri işğal altında olan torpaqlarımıza qayıtmaq, doğmayurdlarımızda üçrəngli bayrağımızı yenidən görmək idi. Bu arzubəzən bir ata nəsihətində, bəzən bir ananın göz yaşında, bəzəndə Qarabağ həsrəti ilə yazılmış şeirlərin misralarında özünügöstərirdi. İllər keçdikcə bu həsrət milli yaddaşın ayrılmaz hissəsinə çevrildi. İşğal faktı ilə barışmayan Azərbaycan dövləti və xalqı torpaqlarımızın azad olunacağı günə inamını qorudu. Həmin inam 2020-ci ildə böyük tarixi Zəfərlə yeni məzmun qazandı. Vətən müharibəsi Azərbaycanın hərbi gücünü, xalq-dövlət birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. İşğal altında olan ərazilərimizin böyük hissəsinin azad olunması tarixi ədalətin bərpası istiqamətində mühüm addım oldu.

2023-cü ilin sentyabr hadisələri isə Azərbaycanın öz ərazisində dövlət suverenliyini tam təmin etməsi ilə nəticələndi. 20 Sentyabr bu baxımdan sadəcə hərbi hadisənin son günü deyil, Azərbaycan dövlətçiliyinin bütövlüyünü ifadə edən mühüm tarixi mərhələdir. Bu gün Qarabağda yeni həyat qurulur. Torpaqlar uzun illərin səssizliyindən sonra insan səsləri ilə canlanır. Yeni məktəblərin həyətində uşaqların gülüşü eşidilir, yollar boyunca Azərbaycan bayraqları dalğalanır, şəhərlərin siması dəyişir. Bu mənzərə illər boyu yaşadılan Vətən həsrətinin necə böyük bir qayıdışa çevrildiyini göstərir.

Dövlət Suverenliyi Gününün əsas mahiyyətlərindən biri də milli yaddaşın qorunmasıdır. Xalq öz tarixini bilmədən gələcəyini inamla qura bilməz. Buna görə də 20 Sentyabr gənc nəslə dövlətçilik tariximizin öyrədilməsi, milli dəyərlərə bağlılığın gücləndirilməsi və Vətən sevgisinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Suverenlik həm də məsuliyyətdir. Güclü dövlətin vətəndaşı olmaq böyük hüquqlarla yanaşı, böyük vəzifələr də yaradır. Ölkənin qanunlarına hörmət etmək, dövlətçilik dəyərlərini qorumaq, cəmiyyətin inkişafına öz töhfəsini vermək bu məsuliyyətin mühüm göstəriciləridir.

Azərbaycan xalqının tarixində ağır səhifələr çox olub. Lakin hər bir çətinlik xalqımızın dövlətçilik iradəsini daha da möhkəmləndirib. Bu gün 20 Sentyabrın qeyd olunması həmin tarixi yolun məntiqi nəticələrindən biri kimi qəbul edilir. Bu tarix bizə həm də şəhidlərimizi xatırladır. Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi qarşısında hər birimiz mənəvi borc daşıyırıq. Onların adı Azərbaycanın Zəfər salnaməsində əbədi yaşayacaq.

20 Sentyabrın işığında Azərbaycan gələcəyə daha böyük inamla baxır. Çünki artıq Qarabağ və Şərqi Zəngəzur yalnız xəritədə göstərilən coğrafi adlar deyil, quruculuğun, qayıdışın və yeni həyatın ünvanlarıdır. Bu gün Azərbaycanın bütün ərazilərində dalğalanan bayrağımız xalqımızın tarixi iradəsinin ən aydın ifadəsidir. Dövlət Suverenliyi Günü həmin bayrağın kölgəsində birləşən milyonlarla insanın ortaq qürur günüdür.

20 Sentyabr tariximizin yaddaşında yaşayacaq. Çünki bu tarix bir xalqın öz torpağına, dövlətinə və gələcəyinə sahib çıxmasının rəmzidir.

Faiq Xələfov,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button