AnalitikaGündəmSiyasət

Tarixə Yazılan İstiqlal Günü

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə bir dövrün deyil, bütün bir millətin taleyini müəyyənləşdirir. 28 May 1918-ci il məhz belə bir gündür – bu tarixdə Azərbaycan xalqı əsrlərlə arzusunda olduğu milli dövlətçiliyə, azadlığa və müstəqilliyə qovuşdu. Bu gün Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı və xalqımız özünün taleyini özü müəyyən etməyə başladı. Birinci Dünya Müharibəsi və Rusiya imperiyasının süqutu Qafqaz xalqlarına azadlıq qapılarını açdı. Zaqafqaziya Seyminin dağılmasından sonra Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Tiflisdə müstəqil dövlət qurmaq haqqında qərar qəbul etdi. İmzalanan İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu sənəd yalnız hüquqi akt deyildi – bu sənəd azərbaycanlıların tarix səhnəsinə müstəqil xalq olaraq çıxdığını elan edən bir siyasi manifest idi. Cümhuriyyətin qurucuları – Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və başqaları – millətin iradəsini ifadə edərək müstəqil Azərbaycanın təməlini qoydular. Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərsə də, çox önəmli addımlar atdı: İlk dünyəvi, demokratik, parlamentli respublika olaraq Şərq dünyasında bir ilk idi. Xalqın iradəsini ifadə edən parlament yaradıldı – burada müxtəlif millətlərin və siyasi partiyaların nümayəndələri təmsil olunurdu. Qadınlara seçki hüququ verilməsi o dövr üçün Avropa səviyyəsində belə mütərəqqi addım idi. Bakı Dövlət Universitetinin yaradılması elmi-intellektual inkişafın təməlini qoydu. Dövlətin idarəçiliyində milli maraqlar, hüquq və azadlıq prinsipləri əsas götürüldü. Bu nailiyyətlər göstərdi ki, Azərbaycan xalqı dövlət qurmaq, onu idarə etmək və onu müdafiə etmək gücünə malikdir. 1920-ci ilin aprelində bolşeviklər tərəfindən AXC-nin süquta uğradılması, Azərbaycan xalqının azadlıq yolundakı addımlarına zorakılıqla son qoydu. Lakin AXC ideyası yaşadı. “Bir kərə yüksələn bayraq bir daha enməz deyən Məmməd Əmin Rəsulzadənin bu sözləri xalqımızın yaddaşında həmişə yaşadı. Bu ideya 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyin bərpası ilə gerçəkləşdi. 1991-ci ildə qəbul olunan Müstəqillik Aktı məhz AXC-nin hüquqi və mənəvi varisliyi əsasında qəbul olundu. Bu gün 28 May – təkcə bir tarix deyil, milli ruhun oyanışı, azadlıq sevgisinin simvoludur. Müstəqillik yalnız siyasi bir status deyil, bu, xalqın öz taleyinə sahib çıxması, öz mədəniyyətini, dilini, milli maraqlarını qoruma bacarığıdır. Bu gün Azərbaycanın güclü ordusu, sabitliyi, diplomatik uğurları və milli birliyi məhz 28 May ruhunun canlı göstəricisidir. Prezident İlham Əliyevin 2021-ci il fərmanı ilə 28 May tarixi rəsmi olaraq Müstəqillik Günü elan olundu – bu, tarixi həqiqətin və milli dəyərlərin tanınmasının təntənəsidir. 28 May – Azərbaycan xalqının tarixində yazılmış ən şərəfli səhifələrdən biridir. Bu gün biz bu əziz günü qeyd etməklə, yalnız keçmişi anmır, eyni zamanda gələcəyə inamla baxırıq. Müstəqillik – qorunmalı, yaşadılmalı və gələcək nəsillərə ötürülməli müqəddəs bir mirasdır.

Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button