
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının fikirlərində iki ölkə arasındakı münasibətlərin mahiyyətini müəyyən edən əsas amillər – ortaq tarix, mədəniyyət, dil yaxınlığı, mənəvi dəyərlər və qarşılıqlı etimad xüsusi vurğulanır. Bu müsahibə həm də regionda formalaşan yeni siyasi reallıqlar fonunda Bakı və Daşkənd arasında strateji tərəfdaşlığın möhkəmləndiyini göstərən vacib sənəd xarakteri daşıyır.
Azərbaycan və Özbəkistan yalnız diplomatik tərəfdaş deyil, həm də ortaq sivilizasiyanın daşıyıcılarıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizi əsrlərdən bəri birləşdirən dərin mənəvi bağlar var. Türk dünyasının ayrılmaz hissəsi olan bu iki ölkə dil və etnik köklərə bağlılıqla yanaşı, tarixi yaddaş və mədəni irs baxımından da bir-birinə son dərəcə yaxındır. Bu amillər təkcə xalqlar arasında simpatiya yaratmır, həm də dövlətlərarası münasibətlər üçün möhkəm strateji təməl formalaşdırır.
Tarix boyu Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qarşılıqlı hörmət daim qorunub. Bu gün isə həmin ənənə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi sayəsində daha yüksək səviyyəyə yüksəlib.
Müsahibədə Prezident İlham Əliyev iki ölkə arasında siyasi dialoqun bu gün ən yüksək səviyyədə olduğunu xüsusi vurğuladı. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda bir-birinə ardıcıl dəstək göstərir, regional təhlükəsizlik, iqtisadi inkişaf, enerji və nəqliyyat layihələri üzrə mövqelərini uzlaşdırır. Bu, əlaqələrin sadəcə dostluq çərçivəsində deyil, real müttəfiqlik səviyyəsində olduğunu nümayiş etdirir.
Son illərdə Prezidentlər arasında keçirilən görüşlərin intensivliyi də bunun göstəricisidir. Liderlər arasındakı yüksək səviyyəli siyasi dialoq dövlətlərarası münasibətlərin strateji tonunu müəyyən edir və əməkdaşlıq istiqamətlərini daha da genişləndirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm sütunlarından biri də iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyevin müsahibəsində vurğulanan məqamlar göstərir ki, iki ölkə artıq regionun aparıcı logistika mərkəzləri kimi bir-birinin imkanlarını tamamlayan tərəfdaşlara çevrilib. Orta Dəhliz layihəsinin inkişafı, yükdaşımaların artırılması, sənaye kooperasiyası, birgə investisiya layihələri bu tərəfdaşlığın real nəticələridir.
Azərbaycanın texnoparkları və sənaye zonalarında Özbəkistan şirkətlərinin iştirakı, Özbəkistanda Azərbaycan investisiya layihələrinin genişlənməsi iqtisadi münasibətləri daha da dərinləşdirən amillərdəndir.
Prezident İlham Əliyevin müsahibəsində humanitar sahədə əməkdaşlıq xüsusi yer aldı. Bu istiqamət Azərbaycan–Özbəkistan münasibətlərinin ən emosional hissəsi hesab olunur. Xüsusilə Özbəkistanda Azərbaycan mədəniyyətinə, tarixinə və klassik ədəbiyyatına göstərilən diqqət, eləcə də Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin təşkili xalqların bir-birinə nə qədər bağlı olduğunu nümayiş etdirir.
İki ölkə arasındakı humanitar əlaqələr təkcə mədəniyyət sahəsində deyil, həm də təhsil, gənclər siyasəti və idman müstəvisində də uğurla inkişaf edir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan–Özbəkistan əməkdaşlığının perspektivlərini daha aydın göstərdi. Türk dünyasında həmrəyliyin güclənməsi, ortaq iqtisadi və siyasi platformaların formalaşması, birgə təhlükəsizlik yanaşmaları iki ölkənin təşəbbüsləri ilə daha da sürətlənir.
Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün mühüm nümunəyə çevrilib.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər möhkəm tarixi təmələ, xalqların əbədi dostluğuna və siyasi liderlərin qarşılıqlı etimadına əsaslanır. Bu gün iki ölkə təkcə regional əməkdaşlığın deyil, həm də türk dünyasının birliyinin aparıcı dayaqlarından biridir.
Özbəkistan Azərbaycan üçün sadəcə tərəfdaş deyil, qardaş ölkə və etibarlı müttəfiqdir. Bu münasibətlər gələcəkdə daha da güclənərək regionda sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayacaq.
İslam Bafadarov
Yeni Azərbaycan Partiyası, məsləhətçi



