
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra suverenliyin real məzmunla təmin edilməsi ölkənin qarşısında duran mühüm vəzifələrdən olmuşdur. XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən siyasi və iqtisadi proseslər bu vəzifənin həyata keçirilməsini daha da aktuallaşdırmışdı.
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan dövlətinin inkişafında yeni siyasi mərhələnin başlanğıcı oldu. Həmin dövrdə dövlət müstəqilliyinin qorunması, ölkənin idarə olunmasında sabitliyin yaradılması və milli maraqlara əsaslanan siyasətin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edirdi.
Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi əsas istiqamətlərdən biri olmuşdur. Dövlətin daxili və xarici siyasətinin milli maraqlar əsasında qurulması suverenliyin möhkəmləndirilməsinin mühüm şərtlərindən hesab edilirdi. Dövlət müstəqilliyinin yalnız hüquqi baxımdan elan edilməsi deyil, onun siyasi, iqtisadi və institusional baxımdan təmin edilməsi vacib məsələ kimi qarşıya qoyulmuşdur.
Suverenliyin möhkəmləndirilməsində iqtisadi amilin də xüsusi rolu vardır. İqtisadi cəhətdən güclü dövlət öz milli maraqlarını daha ardıcıl müdafiə etmək imkanına malik olur. Bu baxımdan Azərbaycanın iqtisadi potensialının artırılması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və ölkənin iqtisadi imkanlarından milli inkişaf məqsədləri üçün istifadə edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən olmuşdur.
Dövlətin suverenliyinin təmin edilməsində hüquqi sistemin inkişafı da mühüm əhəmiyyət daşıyır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət və vətəndaş münasibətlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi, dövlət institutlarının fəaliyyətinin sistemləşdirilməsi müstəqil dövlət quruculuğunun əsas elementlərindəndir.
Heydər Əliyevin çıxışlarında Azərbaycanın müstəqilliyinin qorunması məsələsinə xüsusi diqqət yetirilmişdir. Onun 21 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə söylədiyi “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaqdır” fikri dövlət suverenliyinə münasibətin əsas istiqamətlərindən birini ifadə edir.
1994-cü il 31 avqust tarixində Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə səsləndirilən “Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir” fikri isə dövlət müstəqilliyinin qorunmasını yalnız dövlət strukturlarının deyil, cəmiyyətin ümumi vəzifəsi kimi təqdim edir.
Beləliklə, Heydər Əliyevin siyasi fəaliyyətində milli suverenlik anlayışı dövlət müstəqilliyi, milli maraqlar, hüquqi dövlət quruculuğu və iqtisadi inkişaf məsələləri ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilmişdir. Bu yanaşma müstəqil Azərbaycanın dövlətçilik modelinin formalaşmasının mühüm istiqamətlərindən birini təşkil etmişdir.
Səadət Cahangirova,
Bakı Slavyan Universitetinin baş müəllimi



