“Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir”. Bu sözləri Azərbaycan Respublikasının Müzəffər Prezidenti İlham Əliyev Xarıbülbül festivalı və Şuşa – islam dünyasının mədəniyyət paytaxtı 2024 mərasiminin açılışında söyləmişdi.
Dörd il əvvəl rəşadətli Azərbaycan əsgəri sıldırım qayaları qət edərək dünya hərb tarixində görünməyən qəhrəmanlıq nümayiş etdirdi. Rəşadətli Azərbaycan əsgəri Şuşa şəhərini erməni işğalçılarından azad edərək, 44 günlük Vətən savaşımızın səlnaməsinin mühüm səhifəsini yazdı. 9 noyabr 2020-ci il tarixində üç dövlət arasında imzalanmış bəyənnamə, Azərbaycan xalqının illərlə çəkdiyi Vətən nisgilinə, işğal altında olan torpaqların həsrətinə, doğma yurdlarından qaçqın və köçkün düşmüş həmvətənlərin əzabına, mənfur qonşularımızın əzəli torpaqlarımıza fanatik və əsassız iddialarına son qoydu.
Azərbaycan xalqının misilsiz Zəfər yolu XX əsrin ikinci yarısında, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Sovet Respublikasının birinci katibı seçilməsi ilə başlamışdır. Heydər Əliyevin ilk hakimiyyəti dövründə güclü və gələcəkdə müstəqil Azərbaycan naminə geniş şaxəli fəaliyyəti olmuşdur. Bunun nəticəsidir ki, XX əsrin 70-ci illəri Azərbaycan cəmiyyəti üçün intibah dövrü olmuş, həmin dövrdə xalqımızın milli dirçəlişi başlamış, milli özünüdərketmə güclənmişdir. O dövrün milli dircəlişi 1991-ci ildə müstəqillik qazanmağımıza ciddi təkan vermişdir. Həmin dövrdə Öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasının bütün sahələri üzrə gördüyü işlər canından artıq sevdiyi doğma xalqı, ölkəsi üçün idi. Respublikanın inkişafı, xalqın maddi və mənəvi rifahının artırılması dahi Liderimizin həyat qayəsi idi. Görülən işlər gələcəkdə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası üçün sarsılmaz təməl olacaqdı. İkinci hakimiyyəti dövründə güclü Azərbaycan naminə davamlı şəkildə görülən işlər, dahi Liderimizin mükəmməl dövlətçilik konsepsiyası Azərbaycanın «dünyaya günəş kimi doğmasına» səbəb oldu və dünya hərb tarixində görülməyən Qələbəni şərtləndirdi. İkinci Qarabağ müharibəsinin hər günü Azərbaycan əsgərinin qanı və canı ilə yazılan şanlı bir tarix, qürurla dolu 44 günlük qəhrəmanlıq yolu oldu. Cəmi 44 günə Dahi Sərkərdəmiz İlham Əliyev dəmir yumruğunun zərbəsi ilə Azərbaycan xalqının qanayan yarası olan Qarabağ münaqişəsini həll etdi.
10 may Azərbaycan xalqı üçün əlamətdar və əziz bir gün olaraq xoşbəxtlik və gələcəkdə xalqın taleyini həll edən qürur naxışılı bir gün idi. Bu tarixi gündə Azərbaycan xalqının xilaskarı Heydər Əlirza oğlu Əliyev anadan olmuşdur. Dahi Atanın vəsiyyətini yerinə yetirmiş dahi Oğul Qarabağın incisi olan Şuşanı azad etdi. Və məhz 10 may 2023-cü il tarixində Qarabağın döyünən qəlbi olan Şuşaya 28 ildən sonra torpaq nisgili ilə yaşayan sakinlərin qayıtmasına vəsilə oldu. Bu gün Şuşa dirçəlir, Şuşa çiçəklənir, 30 ilə yaxın çəkdiyi əzablarından, düşmən havasızlığından, qərib niyyətlərdən qurtuluşunu yaşayır.
Prezident İlham Əliyevin azad edilmiş Şuşaya ilk səfəri 2021-ci il yanvar ayının 14-də olmuşdur. Cənab Prezidentin Şuşaya səfər etməsi üçün bu tarixin seçilməsi heç də təsadüf deyildir. 39 il əvvəl məhz bu tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən şəhərdə təntənəli şəkildə Vaqifin məqbərəsinin açılışı baş tutmuşdur. Və 39 il əvvəl özüdə iştirak etdiyi tədbirdə cənab Prezident – Dahi Öndərimizin müdrik varisi əziz Şuşaya gələrək, məhz bu tarixdə erməni vandallarının məhv etdiyi tarixi əbidənin bərpası ilə bağlı göstərişini vermişdir. Eyni gündə də Şuşa şəhərində Ali Baş Komandan Dövlət bayrağını ucaltmış və bir çox tarixi yerlərə baxış keçirmişdir. Erməni vandalizminin şahidləri olan Xurşidbanu Natəvan, Üzeyir Hacibəyli və Bülbülün güllələnmiş büstlərini şəhərdə əvvəlki yerinə qaytarmışdır.
“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”- bəyan edən Ali Baş Komandan regionda genişmiqyaslı bərpa işlərinə start vermişdir. Ötən dörd ildə Şuşa şəhərinin rəmzləri olan məsçidlər, bulaqlar, təhsil ocaqları, tarixi-memarlıq abidələri, muzeylər bərpa olunub. Eyni zamanda bir sıra mühüm infrastruktur layihələri icra olunub, yaşayış komplekslərinin təməli qoyulub.
Azərbaycan Respublikası Prezidentinin 07.05.2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının üzv ölkələrinin Mədəniyyət Nazirlərinin Daimi Şurasının qərarı ilə 2023-cü il üçün Azərbaycanın qədim söz, sənət beşiyi olan Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirakçılarının yekdil qərarı ilə 2024-cü il üçün İCESCO-nun İslam dünyası mədəniyyət paytaxtı adına layiq görülmüşdür.
Rəşadətli Azərbaycan əsgəri düşmənin layiqli dərsini döyüş meydanında verərək soydaşlarımızın, şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycan əsgəri öz qanı ilə düşmən izlərini əzəli torpaqlarımızdan sildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Axundova Sevinc,
Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun
Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri dosent