
Yadıma keçən əsrin qanlı-qadalı 90-cı illəri düşür. O illər ki, xalqımız ard-arda torpaqlarımızın işğal xəbərini alırdı. Hər bir Azərbaycan vətəndaşının qəlbində “Qarabağ” nisgili var idi. Gözəl, dilbər güşələrimizdən biri olan Şuşamızı mənfur düşmənin əsarətində görmək daha açınacaqlı idi. Amma xalq inanırdı. İnanırdı ki, nə vaxtsa bu torpaqlara dönəcək.
2020-ci ilin sentyabr ayında erməni separatçılarının növbəti hücumuna qarşı Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks hücuma keçdi. 28 illik bir nisgilə 44 günün içində son qoyuldu. Qarabağımız Ali Baş Komandanımızın gösrişi və rəşadətli ordumuzun şücaəti nəticəsində düşmən işğalından azad edildi.
Bu gün Azərbaycan, məhz ölkə başcımız cənab İlham Əliyevin düzgün qurulmuş fəaliyyəti nəticəsində bütün dünyada böyük nüfuza malikdir. Buna misal olaraq, bu il iyulun 6- da gözəl Şuşamızda keçirilən Türk Dövlətləri Təşkilatının Türk dövlət başçılarının Zirvə toplantısını göstərmək olar.Türk dövlətləri liderlərinin səmasında azadlıq bayrağı dalğalanan Qarabağda bir araya gəlməsi, Türk dünyasının mənəvi paytaxtı Şuşada gerçəkləşən Zirvə toplantısı təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirakı ilə keçən Zirvə görüşü dünyaya açılan yeni bir baxış, önəmli bir mesaj idi.
Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, mənəvi paytaxtımız olan Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi” dost və qardaş ölkələr arasında yeni tarixin, yeni reallığın və türk birliyinin təcəssümüdür. Bu baxımdan Bəyannamə Türk dövlətləri rəhbərlərinin qardaşlıq həmrəyliyinin ifadəsi olmaqla yanaşı həm də müəyyən mənada müvafiq geosiyasi regiona, geniş mənada isə dünya miqyasında güc balansına aidiyyəti olan bir sənəddir. Türk dövlətləri arasında ittifaqın təməl daşlarından biri kimi “Qarabağ Bəyannaməsi” beynəlxalq hüquq və siyasət baxımından da böyük mühüm əhəmiyyət kəsb edir. İlk növbədə Qarabağ Bəyannaməsi hüquqi bazaya əsaslanan tarixi və regional-qlobal miqyaslı siyasi məsələdir. Eyni zamanda Qarabağ Bəyannaməsi geniş bir geosiyasi müstəvidə yeni sabitlik, təhlükəsizlik, sosial-mədəni və iqtisadi tərəqqiyə öz töhfəsini verəcək etibarlı gözləntiləri özündə ehtiva edir. Bu mühüm sənəd həmçinin türk dövlətçiliyinin inkişafı istiqamətində növbəti mərhələyə keçidi təmin edə biləcək fəaliyyət proqramı sayıla bilər. Bəyannamə regional əməkdaşlığın yeni formasını qlobal səviyyədə mövcud reallıqlara uyğunlaşdırmaq üçün keçiləcək ən yaxın yol xəritəsidir.
Bəli, Şuşada keçirilən bu görüş, imzalanan “ Qarabağ Bəyannaməsi” türk dövlətlərinin gələcək həyatında xüsusi rol oynayacaqdır. O gün möhkəmlənən münasibətlərimizə daha bir imza atıldı. Bütün türk xalqı üçün xeyirli, uğurlu olsun.
İskəndərova Elnarə,
Xəzər rayonu, 125 saylı tam orta məktəbin müəllimi