AnalitikaGündəmSiyasət

Şuşadan Dünyaya Verilən Mesaj: Azərbaycan-Türkiyə Müttəfiqliyinin Yeni Dövrü

Tarixdə elə hadisələr var ki, onların təsiri yalnız imzalandığı günlə məhdudlaşmır, gələcək onilliklərin siyasi və iqtisadi inkişafına istiqamət verir. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi məhz belə sənədlərdən biridir. Bu bəyannamə Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərini yeni mərhələyə daşıyaraq müttəfiqlik səviyyəsində rəsmiləşdirmişdir.

Şuşa Bəyannaməsinin əsasında xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri dayanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları sənədin ruhunu təşkil edir. Bu ideoloji təməl Azərbaycan və Türkiyənin münasibətlərini sadəcə dövlətlərarası əməkdaşlıqdan daha yüksək səviyyəyə yüksəldir.

Bəyannamə iqtisadi inkişaf baxımından da mühüm perspektivlər açır. Qarşılıqlı investisiyaların artırılması, enerji layihələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və yeni ticarət imkanlarının yaradılması hər iki ölkənin iqtisadi gücünün artmasına xidmət edir. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması regionun logistika xəritəsini dəyişdirəcək strateji layihə kimi qiymətləndirilir.

Sənədin mühüm istiqamətlərindən biri də informasiya və diaspor fəaliyyətidir. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının əlaqələrinin gücləndirilməsi, ortaq media platformalarının inkişaf etdirilməsi və beynəlxalq arenada koordinasiyalı fəaliyyət göstərilməsi iki ölkənin maraqlarının daha effektiv müdafiəsinə imkan yaradır.

Şuşa Bəyannaməsi həm də regionda sülh və sabitliyin təmin olunmasına xidmət edən sənəddir. Azərbaycan və Türkiyənin ortaq mövqeyi regional əməkdaşlığın genişlənməsinə, yeni iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə şərait yaradır. Bu baxımdan sənəd yalnız iki dövlət üçün deyil, bütün region üçün inkişaf və təhlükəsizlik platforması rolunu oynayır.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycanın müstəqil xarici siyasətinin və Türkiyə ilə strateji əməkdaşlığının ən mühüm simvollarından biridir. İmzalanmasından ötən müddətdə əldə olunan nəticələr göstərir ki, bu sənəd gələcəkdə də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının əsas istiqamətlərini müəyyən edən tarixi sənəd olaraq öz aktuallığını qoruyacaqdır.

Vahid Süleymanov,
Neft Kəmərləri İdarəsinin əməkdaşı, YAP Nizami rayon fəalı

Oxşar Xəbərlər

Back to top button