AnalitikaGündəmSiyasət

Şuşada Ümid, Qətiyyət və Yeni Qlobal Perspektivlər

2025-ci ilin iyul ayında Azərbaycanın mədəni paytaxtı Şuşa yenidən tarixi bir hadisəyə ev sahibliyi etdi. III Qlobal Media Forumu yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin geniş şəkildə müzakirə olunduğu mühüm platformaya çevrildi. Prezident İlham Əliyevin forumdakı çıxışı həm Azərbaycanın milli siyasəti, həm də beynəlxalq münasibətlər sahəsində mövqelərinin dolğun və əhatəli ifadəsi oldu. Ölkə başçısı forumun Şuşada keçirilməsinin rəmzi və strateji əhəmiyyətini vurğuladı. Xankəndidəki yeni Konqres Mərkəzində belə bir tədbirin baş tutması, Azərbaycanın 30 ildən artıq işğaldan sonra bu torpaqlarda həyatın, inkişafın və sülhün bərpasına verdiyi önəmi göstərdi. Bu, həm də Azərbaycanın daxili və xarici siyasətində prinsipial ardıcıllığın və məqsədyönlülüyün nəticəsi idi.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ölkənin qlobal ekologiya və enerji siyasətindəki yerini təsdiqlədi. Prezident Əliyev bu mötəbər tədbirin nəticələrindən biri kimi 6-cı maddə üzrə karbon bazarları ilə bağlı razılaşmanın əldə olunmasını xüsusi qeyd etdi. Azərbaycanın 2030-cu ilə qədər 6 giqavat gücündə yaşıl enerji istehsal etmək planı ölkənin ekoloji məsuliyyətini və beynəlxalq öhdəliklərə sadiqliyini göstərir. Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının istifadəyə verilməsi mühüm addımdır. Prezident Zəngəzur dəhlizini təkcə Azərbaycanla Naxçıvanı birləşdirən arteriya deyil, beynəlxalq tranzit marşrutu kimi təqdim etdi. Bu dəhliz Azərbaycanın logistika potensialını artırmaqla yanaşı, Avropa ilə Asiya arasında körpü rolunu gücləndirəcək. Ermənistanın bu proseslərdə geri qalması və siyasi təcrid riski də qeyd olunaraq, region ölkələri üçün əməkdaşlığın alternativsiz olduğu mesajı verildi.

Çıxışda ABŞ, Çin və Avropa İttifaqı ilə münasibətlərə xüsusi yer ayrıldı. Çinlə strateji tərəfdaşlıq, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və Tramp administrasiyası ilə mümkün əməkdaşlıq perspektivləri Prezidentin praqmatik xarici siyasət kursunun göstəriciləridir. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regional güc kimi mövqeyini də möhkəmləndirir. Ən təsirli hissələrdən biri Prezidentin şəxsiyyətinə və tarixi məsuliyyət hissinə əsaslanan çıxışının mənəvi tərəfi idi. Atasının vəsiyyətini yerinə yetirmək, ədaləti bərpa etmək və Qarabağın azad olunması prosesində əzmkar duruşu onun liderlik fəlsəfəsinin əsas sütunları kimi təqdim edildi. Prezidentin dediyi kimi, “heç vaxt təslim olmamaq” Azərbaycan xalqının milli ruhunu ifadə edən əsas şüar oldu.

Azərbaycanın Qoşulmama Hərəkatı və ECO kimi təşkilatlarda fəal iştirakı, regional və beynəlxalq münaqişələrin həllində mümkün vasitəçilik rolu ölkənin diplomatik çevikliyini və qlobal təsir imkanlarını nümayiş etdirir. Prezidentin Ukrayna-Rusiya münaqişəsində yalnız dəvət olunduqda vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirməsi, Azərbaycanın neytral və balanslı mövqeyini ortaya qoydu. Prezidentin xalqla münasibətində şəffaflıq və doğruluq prinsipinə sadiqliyi onun liderlik etikasının bir hissəsidir. Qərb mediasının Azərbaycana qarşı qərəzli yanaşmasını tənqid edən Prezident, həqiqətlərin beynəlxalq ictimaiyyətə birbaşa ötürülməsi üçün Qlobal Media Forumu kimi təşəbbüslərin əhəmiyyətini vurğuladı.

III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional güc deyil, qlobal proseslərə təsir edə biləcək bir aktordur. Prezident İlham Əliyevin çıxışı bu reallığı hərtərəfli şəkildə ortaya qoydu. Azərbaycanın enerji siyasəti, diplomatik təşəbbüsləri, yaşıl inkişaf hədəfləri və milli maraqlarına sadiqliyi ölkəni gələcəyə aparan əsas sütunlara çevrilib. Şuşadan dünyaya yayılan bu mesajlar təkcə Azərbaycanın yox, eyni zamanda regionun sabit və ədalətli gələcəyinə işıq tutur.

İbrahimzadə Vüsalə
Xəzər rayonu, R. Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button