Şuşa Zəfərinin Regional və Geosiyasi Əhəmiyyəti

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqların formalaşmasının başlanğıcı oldu. İkinci Qarabağ müharibəsinin ən mühüm hərbi-siyasi nəticəsi olan bu qələbə regionda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olması üçün möhkəm zəmin yaratdı.
Şuşanın azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu və regionda qüvvələr nisbəti tamamilə Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən diplomatik strategiyası və ordumuzun döyüş meydanındakı qətiyyəti nəticəsində ölkəmiz regional lider statusunu daha da möhkəmləndirdi.
Bu tarixi zəfər beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın dərinləşməsi üçün yeni imkanlar açdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın ümumi inkişaf tempinə güclü təkan verdi və regionun tranzit potensialını artırdı.
Bu gün azad Şuşa regionda sülhün və təhlükəsizliyin təminatçısı olan güclü Azərbaycan dövlətinin simvoluna çevrilmişdir. Şuşada keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər Azərbaycanın qlobal miqyasda artan nüfuzunun və regional sabitliyə verdiyi töhfələrin bariz göstəricisidir.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri



