AnalitikaGündəmSiyasət

Şuşa Zəfərinə gedən uzun yol

Azərbaycan xalqının tarixində elə anlar var ki, onlar bir millətin yaddaşında əbədi həkk olunur. 2020-ci ilin noyabrında baş vermiş Şuşa Zəfəri bu cür hadisələrdən biridir. Şuşanın azad olunması təkcə bir şəhərin azadlığı deyildi – bu, bir xalqın qürurunun, milli kimliyinin və 30 illik ədalətsizliyin bərpası idi. Lakin bu möhtəşəm zəfərin arxasında onillərlə çəkən mübarizə, səbr, inam və milli birliyə əsaslanan uzun bir yol dayanırdı.
1990-cı illərin əvvəllərində ölkə müstəqilliyini yenicə bərpa etmiş, siyasi və iqtisadi böhran içində idi. Ermənistanın işğalçılıq siyasəti və beynəlxalq ədalətsizlik nəticəsində Qarabağın böyük hissəsi, o cümlədən Şuşa, düşmən nəzarətinə keçdi. Lakin Azərbaycan bu itki ilə barışmadı. İşğal dövrü xalq üçün səbr, dirəniş və toparlanma dövrü oldu. Ölkə ordusunu gücləndirdi, beynəlxalq arenada öz haqlı mövqeyini müdafiə etməyə başladı. Xalqın yaddaşında isə “bir gün Şuşaya qayıdacağıq” ideyası milli amal kimi yaşayırdı. 2000-ci illərdən etibarən Azərbaycan dövlətinin iqtisadi və hərbi gücü sürətlə artmağa başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl siyasət nəticəsində ölkə regionun ən güclü ordularından birinə sahib oldu. Hərbi modernləşmə, beynəlxalq diplomatik dəstək, iqtisadi müstəqillik və xalq – ordu birliyi – bunlar Şuşa Zəfərinin təməl sütunlarını təşkil edirdi. Bütün bunlarla yanaşı, xalqın mənəvi ruhu da qorunurdu. Qarabağ həsrəti ilə böyüyən nəsillər yetişirdi, vətənpərvərlik tərbiyəsi cəmiyyətin əsas istiqamətinə çevrilmişdi.
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu 44 gün ərzində düşmənin illərlə qurduğu müdafiə xəttini darmadağın etdi. Bu müharibə zəka, texnologiya və milli ruhun qələbəsi idi. Şuşaya gedən yol Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan keçirdi. Əsgərlərimiz meşələr, dağlar, qayalar aşaraq Şuşaya doğru irəlilədilər. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması xəbəri gələndə, bütün Azərbaycan sevinc göz yaşlarına boğuldu. Şuşa döyüşləri Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi oldu. Daş-divar üstündə, əlbəyaxa döyüşlərlə alınan bu qələbə, həm taktiki, həm mənəvi baxımdan misilsiz idi. Şuşa Zəfəri yalnız hərbi qələbə deyildi. O, ədalətin bərpası, xalqın öz tarixinə sahib çıxması və gələcəyə inamının simvolu oldu.

Şuşa Zəfəri sübut etdi ki, heç bir işğal əbədi deyil, haqq ədalət gec – tez qalib gəlir. Şuşa Zəfərinə gedən yol uzun, çətin, amma şərəfli idi. Bu yol milli birlik, inam və dövlətçilik idealarının təntənəsidir. Şuşa azad olunmaqla, təkcə torpaq deyil, millətin ruhu azad olundu.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button