AnalitikaGündəm

Şuşa Qlobal Media Forumu: beynəlxalq aləmdə yaratdığı rezonans ŞƏRH

Regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilən tarixi şəhərimiz Şuşa, beynəlxalq səviyyəli tədbirlərin, siyasi diskussiyaların, mədəniyyət və sülh məkanına çevrilib. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir araya gəldilər. Ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media subyektinin iştirak etdiyi Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələrinin Ona ünvanladığı müxtəlif istiqamətləri əhatə edən sualları cavablandıraraq ölkəmizin strateji istiqamətlərini, tutduğu yolu, məqsədlərini bir daha dünyanın diqqətinə çatdırmış oldu. Yalan məlumatların ifşasına həsr edilmiş tədbirdə dezinformasiya ilə mübarizə baxımından bir çox vacib məsələlərə toxunuldu. Dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan, media azadlığının təmin olunduğu, internet medianın inkişaf etdiyi bir dövlətin Prezidentinin səslədirdiyi fikirlər bu günün reallıqlarını tam əks etdirir. “Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz” – deyən Prezident bildirib ki, bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Prezident ölkəmizə qarşı istiqamətlənən təzyiqlərə ədalət meyarından yanaşaraq, yalan və saxta mahiyyət daşıyan xəbərlərə münasibətində qətiyyətli mövqeyini ortaya qoydu. Məlumdur ki, Azərbaycana qarşı ədalətsiz müharibə aparıldı və onun ərazi bütövlüyünün pozulduğunu, torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. “ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi”, – deyən Prezident bildirib ki, biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik.

Bu günün reallıqları çərçivəsində Azərbaycanın mövqeyi, haqq səsi, qlobal hadisələrə münasibəti dünyanın müxtəlif ölkələrindən gələn insanların diqqətinə çatdırılır. Dünyada baş verən qlobal siyasi cərəyanlar təbii ki, Cənubi Qafqaza da öz təsirini göstərir. Azərbaycanın tarixi Zəfəri, ötən ilin sentyabrında antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünün və suverenliyinin tam bərpası artıq regionda yeni reallıqlar yaratmışdır. Əlbəttə ki, Prezident İlham Əliyevin Forumda bir çox məsələlər, o cümlədən regionda baş verən proseslərlə bağlı səsləndirdiyi fikirlər dünyaya bir mesaj oldu. Münaqişələr və qarşıdurmalar tarixə qovuşub. 44 günlük Vətən müharibəsindən sonra Böyük Qayıdış strategiyası çərçivəsində aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri ölkəmizin iqtisadi gücünün göstəricilərindəndir. Cənab Prezidentin vurğuladığı kimi, Füzuli hava limanından Şuşaya səfər edənlər nəhəng yenidənqurma proqramının həyata keçirildiyinin şahidi oldular. “Sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir” – deyən Prezident eyni zamanda, gözləntilərin vacibliyini diqqətə çatdırıb və uzun illər can atdığımız məqsədlərin artıq reallığa çevrildiyini qeyd edib. Təbii ki, qısa bir zaman ərzində bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara müraciət ünvanlanıb. Ermənistan minalanmış ərazilərin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir. İşğaldan azad olunan dörd şəhərə və dörd kəndə əzəli sakinlər dönüş ediblər. Dövlətimizin başçısı iştirakçıların diqqətinə çatdırıb ki, azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır və ilin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına yönəldilib. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Prezident İlham Əliyev Azərbaycanda və regionda baş verən hadisələrə obyektiv şəkildə işıqlandırılması məsələsinə diqqət çəkərək zaman ötdükcə Qərbdə siyasi dairələrdə reallıqların daha çox üzə çıxdığını və Azərbaycana bərabər tərəfdaş kimi yanaşıldığını ifadə edib. Müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apardı və kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamış oldu.

Dövlətimizin başçısı çıxışında dəyişən qlobal trendləri, təhlükəsizlik çağırışları fonunda ölkəmizin milli maraqlarını ifadə etdi. Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisə olaraq tarixiləşdi.

Güləddin DADAŞOV,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri,
“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button