
Müasir dövrdə informasiya təhlükəsizliyi və media inkişafı dövlətlərin strateji prioritetlərindən birinə çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının həyata keçirdiyi media islahatları sırasında Şuşa Media Forumu mühüm yer tutur. Artıq üçüncü dəfə təşkil olunan bu forum yalnız bir tədbir yox, həm də beynəlxalq media əməkdaşlığının, milli informasiya siyasətinin və mədəni diplomatiyanın rəmzi halına gəlmişdir. Şuşada keçirilən bu forum tədricən ənənəvi, nüfuzlu və strateji bir platforma kimi formalaşır.
İlk dəfə 2022-ci ildə keçirilən Şuşa Media Forumunun məqsədi Azərbaycan media nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrdən gəlmiş media qurumları və jurnalistlər arasında təcrübə mübadiləsi yaratmaq, regionda informasiya siyasəti üzrə əməkdaşlıq əlaqələrini genişləndirmək, həmçinin ölkənin informasiya müstəqilliyini gücləndirməkdir.
Forum Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və digər rəsmi qurumların təşəbbüsü ilə həyata keçirilir. Burada aşağıdakı əsas mövzular müzakirə edilir:
Rəqəmsal media və süni intellektin jurnalistikaya təsir , dezinformasiya ilə mübarizə və informasiya təhlükəsizliyi , jurnalistlərin etik davranış kodeksi və məsuliyyətləri , beynəlxalq media əməkdaşlığının yeni mexanizmləri , Qarabağ və azad olunmuş ərazilərin bərpasında medianın rolu.
Şuşa şəhərinin bu forum üçün seçilməsi təsadüfi deyil. 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş bu mədəniyyət paytaxtı, Azərbaycan xalqının qürur simvoluna çevrilmişdir. Forumun burada keçirilməsi həm ideoloji, həm də psixoloji baxımdan əhəmiyyətlidir.
Şuşa Azərbaycanın informasiya və mədəni suverenliyinin simvoludur. Media nümayəndələri şəhərin bərpa prosesini yerində görür, reallıqları dünyaya çatdırırlar. Müasir media texnologiyaları ilə tarixi şəhərin vətənpərvərlik mesajı birləşdirilir.
Azərbaycan Prezidentinin Media üzrə müşaviri və Medianın İnkişafı Agentliyinin rəhbərləri forum çərçivəsində açıq dialoqlar aparır, media qurumları ilə əməkdaşlıq memorandumu imzalanır. Bu isə ölkənin media diplomatiyası sahəsində də uğurlar qazandığını sübut edir.
Şuşa Media Forumunun ənənəvi xarakter almasının bir neçə səbəbi var. Forum hər il keçirilir və nəticələri konkret layihələrlə nəticələnir. İştirakçıları dünya miqyasında tanınan media qurumları və. Şuşa forumun keçirildiyi məkan kimi təkcə fiziki yox, həm də ideoloji simvoldur. Forumun proqramında süni intellekt, sosial media etikası və məlumatın süni manipulyasiyası kimi aktual mövzular müzakirə olunur.
Şuşa Media Forumu artıq təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz regionunun da mühüm informasiya tədbirlərindən birinə çevrilməkdədir. Forumun davamlı keçirilməsi, müzakirə mövzularının aktuallığı və beynəlxalq miqyasda maraq doğurması onu ənənəvi və strateji media platforması halına gətirmişdir. Gələcəkdə bu forumun beynəlxalq media institutu formasında daimi fəaliyyət göstərməsi, Azərbaycanda media sahəsində tədris və təcrübə imkanlarının genişləndirilməsi üçün də real zəmin yaradır.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası , məsləhətçi