Şuşa Bəyənnaməsi tarixi əhəmiyyətə malikdir
15 iyun- Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 28 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək yeni bir mərhələyə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Ona görə də birmənalı vurğulaya bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Cənab İlham Əliyev öz çıxışında bildirdi ki, “ Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Bu həmin layihənin reallaşması ilə bağlı yaranmış müxtəlif fikirlər ən qəti və aydın cavab oldu. Beləliklə, bir daha qeyd etmək lazımdır ki, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı