Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi
Təməli Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulmuş Şuşa şəhəri müasir dövrdə türk dünyasının coğrafiyasının birləşdirilməsində tarixi rol oynamaqdadır. Şuşa şəhəri dünya azərbaycanlıları üçün müqəddəs bir yerdir və özünəməxsus inkişaf xüsusiyyətləri ilə fərqlənir.
Şuşa uzun illər ərzində Qarabağın mərkəzi statusu rolunda çıxış edib və Qarabağın Azərbaycanın ayrılmaz regionu kimi inkişafında strateji funksiyaları yerinə yetirib. XIX əsrdə Şuşa regionun əsas iqtisadi və ticarət mərkəzlərindən biri olub. Şuşanın ticarət əlaqələri çoxşaxəliliyi ilə fərqlənirdi.
Lakin Şuşanın azərbaycanlı ruhuna dözməyən, bu torpaqların Azərbaycana məxsusluğunu həzm etməyən erməni işğalçıları və onların ikiüzlü, hiyləgər havadarları ölkəmizin müstəqilliyini zəiflətmək və təzyiq altında saxlamaq üçün 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini, o cümlədən Şuşa şəhərini işğal etdilər.
Amma Azərbaycanın dövlətçilik atributlarını gücləndirməkdə tarixi xidmətləri olan Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmizdə makroiqtisadi və makromaliyyə sabitliyi təmin olundu. Neft strategiyası reallaşdırıldı və Azərbaycan beynəlxalq arenada möhkəmlənməyə başladı. Qarabağ həqiqətləri dünyaya çatdırıldı və torpaqlarımızın, o cümlədən Şuşanın işğalı ilə heç vaxt barışmayacağımız bütün dünyaya bəlli oldu.
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük müharibədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz erməni işğalçılarını torpaqlarımızdan qovdu, Ermənistan rəhbərliyi isə kapitulyasiya aktına imza atdı. 2020-ci il noyabr ayının 8-də Şuşanın işğalçılardan azad edilməsi isə hərb tarixinə düşdü və bir qəhrəmanlıq dastanı kimi bütün dünyaya yayıldı.
Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı hər bir sahədə özünü göstərməkdədir. Bütövlükdə türk dünyası və türkdilli dövlətlər üçün maksimum strateji əhəmiyyət kəsb edən tarixi bir hadisə yenə Şuşa ilə bağlı olub. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Bununla da iki qardaş ölkə 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinə sadiq olduqlarını qətiyyətlə təsdiq edib. Digər tərəfdən, hesab edirik ki, Şuşa Bəyannaməsi Azərbaycana uzanan xain əlləri kəsməkdə və revanşist xülyalarla yuxularını qaçıranlara tutarlı bir cavab və sipər oldu.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyini və iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bu strateji müttəfiqlik sənədi türk dünyasının coğrafiyasını birləşdirməkdə tarixi rol oynayacaq və çox mühüm addımlar atılmasına təkan verəcək.
Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə ötən il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə təşkil edir. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb.
XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib. Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi, həmçinin Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı