AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə Qardaşlığının Tarixi Zirvəsi

Bu il Azərbaycan və Türkiyə münasibətlərinin tarixində mühüm əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü qeyd olunur. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan bu sənəd iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı yeni mərhələyə yüksəldərək müttəfiqlik münasibətlərinin hüquqi əsaslarını müəyyənləşdirdi.

Şuşa Bəyannaməsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Tarixi sənəd siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Bəyannamə eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilir.

Şuşa şəhərində imzalanan bu sənədin xüsusi simvolik mənası vardır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Şuşada qəbul edilən Bəyannamə qələbənin, həmrəyliyin və qardaşlığın təntənəsini bütün dünyaya nümayiş etdirdi. Sənəd “Bir millət, iki dövlət” prinsipinin müasir dövrdə daha da güclənməsinin bariz ifadəsinə çevrildi.

Son beş il ərzində Şuşa Bəyannaməsinin müddəaları əsasında Azərbaycan və Türkiyə arasında əlaqələr daha da inkişaf edib. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq dərinləşib, iqtisadi layihələr genişlənib, enerji və nəqliyyat dəhlizləri üzrə birgə fəaliyyət güclənib. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun inkişafına və rifahına mühüm töhfələr verir.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin əsas sütunlarından biri kimi çıxış edir. Tarixi sənəd qardaş xalqların birliyinin, qarşılıqlı etimadının və ortaq gələcəyə inamının rəmzi olaraq öz əhəmiyyətini qoruyub saxlayır. Beş il əvvəl Şuşada yazılan bu tarix gələcək nəsillər üçün də dostluq, qardaşlıq və müttəfiqlik nümunəsi olaraq qalacaqdır.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button