Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığı
44 günlük Vətən Müharibəsi Azərbaycanın şanlı tarixinin ən parlaq, qəhrəmanlıq səhifəsi kimi böyük nailiyyətimiz və qeyrətimizdir. Belə ki, xalqımız yumruq şəkildə birləşərək, məğlubiyyət və işğala son qoyaraq, vətən torpaqlarını azadlığa qovuşdurdu. Tarixi, milli qeyrətimiz özümüzə qayıtmış oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız böyük zəfər qazandı.
Vətən Müharibəsinin hər anında bütün imkanları ilə Azərbaycana dəstək olan qardaş Türkiyə dövləti bu addımı ilə Azərbaycan-Türkiyə qardaşlığını ən yüksək zirvəyə qaldırdı. Bütün dünyaya bəyan oldu ki, siyasi iradə, milli birlik yenilməz güc vasitəsidir. Müharibədən sonra Zəfər paradında Türkiyə prezidenti R.T.Ərdoğanın iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının dünyaya xüsusi mesajı idi. 2021-ci il 15 iyunda Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə qardaşlığı bölgədə sülh və əminamanlığın qarantı kimi yeni bir mərhələyə qoydu. Və bu birlik, qardaşlıq bölgənin gələcək inkişafında mühüm perspektiv imkanlar yaradır.
“Şuşa Bəyannaməsi” tarixi bir müttəfiqlik saziş kimi həm siyasi, həm də iqtisadi əhəmiyyət kəsb edir. Siyasi cəhətdən artıq bölgədə yeni gücün formalaşması və bu gücün bölgədə nəzarət imkanlarına sahib olması, bir çox dünya güclərinin bölgəyə açıq müdaxilədən çəkinməsi, bu Birliklə hesablaşması Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətini daha da artırır. Bölgədə əsas söz sahibi olan Türkiyə ilə hərbi müttəfiq olması Azərbaycan üçün geniş siyasi imkanlar açır. Nəticədə dünyanın siyasi müstəvisində Azərbaycanın mövqeyi güclənir.
Birliyin bölgədə sülhün qarantı rolunu oynaması böyük iqtisadi perspektivlərə şərait yaradır. Böyük iqtisadi layihələrin reallaşdırılması, beynəlxalq əhəmiyyətli yolların Azərbaycan ərazisindən keçməsi, Zəngəzur dəhlizinin gələcək imkanları ölkəmizin tranzit əhəmiyyətini artırır. Bölgədə sabitliyin əldə olunması bütün ətraf ölkələrin iqtisadi əlaqələrində, ticarət dövriyyəsində perspektiv imkanlara səbəb olmuşdur. Hal-hazırda Azərbaycana tərəfdaş ölkənin işğaldan azad olunan ərazilərdə böyük iqtisadi yatırımlar etməsi bölgənin əhəmiyyətini artırır və Azərbaycanın parlaq gələcəyinə yeni imkanlar yaradır.
Şuşa Bəyannaməsi iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı Azərbaycan və Türkiyə, ümumilikdə Türk dünyası ölkələrinin mədəni əlaqələrin artması nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığın bariz nümunəsi kimi əbədi olacaq və hər zaman əhəmiyyətini saxlayacaqdır.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın Azərbaycan xalqı!
Sahil Şirvanov,
Xəzər rayonu, 334 nömrəli məktəbin müəllimi