AnalitikaGündəmSiyasət

Strateji layihələrlə gələcəyə doğru inamla irəliləyirik

2025-ci ilin iyun ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının təntənəli açılış mərasimi keçirildi. Bu əlamətdar hadisə təkcə Azərbaycanın energetika sektorunda deyil, eyni zamanda ölkənin iqtisadi və siyasi inkişafında mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı, Azərbaycanın dayanıqlı enerji siyasətini və bu sahədə əldə etdiyi uğurları bir daha nümayiş etdirdi. “8 Noyabr” Elektrik Stansiyasının yaradılması həm texniki, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu stansiyanın istifadəyə verilməsi nəticəsində ölkənin enerji istehsalı potensialı əhəmiyyətli dərəcədə artmış, yeni texnologiyalar əsasında qurulan enerji infrastrukturu sayəsində isə səmərəlilik və davamlılıq təmin edilmişdir.

Prezident İlham Əliyev qeyd etdi ki, bu layihənin qısa müddət ərzində uğurla başa çatdırılması Azərbaycanın gücünü, daxili resurslarının səmərəli idarə olunmasını və energetiklərimizin peşəkarlığını göstərir. Stansiyanın “8 Noyabr” adlandırılması xüsusi simvolik mənaya malikdir. Bu ad Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününü – 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi günü xatırladır. Bu ad, həmçinin, Azərbaycan xalqının iradəsinin, milli həmrəyliyinin və dövlət başçısının liderliyinin enerji sektoru kimi strateji bir sahədə əbədiləşdirilməsinin təzahürüdür. Beləliklə, enerji sahəsindəki texniki nailiyyətlər və milli qürur amili birləşərək dövlətin inkişaf strategiyasına güclü töhfə verir. Azərbaycan artıq uzun illərdir ki, enerji təhlükəsizliyi sahəsində regionda lider mövqedədir. Neft və qaz ixracı ilə yanaşı, elektrik enerjisi ixracı da ölkə iqtisadiyyatına ciddi dividendlər qazandırır. Yeni elektrik stansiyasının fəaliyyəti nəticəsində bu sahədə ixrac potensialı daha da artacaq, qonşu dövlətlərə sabit və etibarlı enerji təchizatı təmin ediləcək. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini və beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. “Yaşıl enerji” siyasəti çərçivəsində Azərbaycan alternativ enerji mənbələrinin inkişafına da böyük önəm verir. Lakin müasir və səmərəli istilik elektrik stansiyalarının qurulması paralel olaraq enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qalır. “8 Noyabr” Elektrik Stansiyası bu baxımdan həm enerji təchizatının sabitliyini təmin edir, həm də müasir texnologiyalarla enerji istehsalının ekoloji dayanıqlılığını artırır. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycanın enerji sektoru həm ölkənin inkişafına xidmət edir, həm də xalqın rifahını yüksəltmək üçün mühüm bir vasitədir. Yeni layihələrin uğurla icrası, xarici tərəfdaşlarla etibarlı əməkdaşlıq və daxili potensialın düzgün səfərbər olunması nəticəsində Azərbaycan energetikası yeni bir inkişaf mərhələsinə qədəm qoyur.

Nəticə etibarilə, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların davamıdır. Bu layihə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, strateji baxımdan da onun beynəlxalq nüfuzunu artırır. Prezident İlham Əliyevin də dediyi kimi, bu stansiyanın açılışı Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünün rəmzidir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button