
Sentyabrın 30-da Bakıda mühüm bir hadisə yaşandı – Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella mətbuat qarşısında bəyanatlarla çıxış etdilər. Bu səfər təsadüfi deyildi. İtaliya Prezidentinin ölkəmizə ikinci dəfə rəsmi səfəri həm iki ölkə arasında möhkəmlənən dostluğun, həm də strateji tərəfdaşlığın bariz nümunəsidir.Tarixi səfərlər dostluğun əsas dayaqlarıdır. İkitərəfli münasibətlərin əsasını dövlət başçılarının qarşılıqlı səfərləri qoyub.
– 1997-ci ildə Prezident Heydər Əliyevin Roma və Neapola rəsmi səfəri Azərbaycan–İtaliya münasibətlərinin yeni mərhələsini açdı.
– Prezident İlham Əliyevin 2005, 2008 və 2014-cü illərdə İtaliyaya etdiyi rəsmi səfərlər enerji, iqtisadiyyat və mədəniyyət sahəsində yeni müqavilələrin imzalanması ilə yadda qaldı.
– 2011 və 2015-ci illərdə baş tutan işgüzar səfərlər isə əməkdaşlığa daha çevik dinamika qatdı.
– 2020-ci ilin fevralında Prezident İlham Əliyevin Romaya dövlət səfəri isə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqlədi.
– Sonuncu dəfə, 2022-ci ilin avqust-sentyabr aylarında İtaliyaya edilən səfər çərçivəsində Roma və Çernobbioda aparılan görüşlər gündəliyin daha da zənginləşdiyini göstərdi.
İtaliya tərəfdən də qarşılıqlı diqqət hiss olunur. Prezident Sercio Mattarella 2018-ci ildə Bakıya dövlət səfərinə gəldi və bu səfər ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2011 və 2012-ci illərdə Romaya rəsmi səfərləri isə humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə şərait yaratdı. Bu səfərlər nəticəsində incəsənət, təhsil və səhiyyə sahələrində yeni layihələr həyata keçirildi.
Azərbaycan və İtaliya münasibətlərinin əsas dayaqlarından biri enerji sahəsində əməkdaşlıqdır. İtaliya, Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, həm də ölkəmizin neft və qaz ixracında aparıcı mövqe tutur.Xüsusilə 2020-ci ildən istifadəyə verilmiş Trans-Adriatik boru kəməri (TAP) sayəsində Azərbaycan qazı birbaşa İtaliyaya çatdırılır. Bununla da Bakı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, İtaliya isə Azərbaycanın əsas bazarlarından biri kimi möhkəmlənib. Hazırda Azərbaycan İtaliyanın ən iri neft tədarükçüsü, qaz idxalında isə üçüncü yeri tutur. Prezidentlərin görüşündə təkcə ənənəvi enerji layihələri deyil, həm də gələcəyə yönəlmiş planlar müzakirə olunub. Avropa İttifaqı ilə birlikdə elektrik enerjisinin ixracı layihəsi, Xəzərin dibi ilə Orta Asiyadan Avropaya enerji dəhlizlərinin yaradılması perspektivləri əməkdaşlığın miqyasını genişləndirir.
Əməkdaşlıq təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Oktyabrın 1-də Bakıda İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı reallaşdı. ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu ali məktəbinin tərəfdaşlığı əsasında qurulan bu ali təhsil ocağı iki ölkə arasında mədəni, elmi və akademik körpü rolunu oynayacaq.Hazırda burada 600-dən çox tələbə müxtəlif ixtisaslarda təhsil alır. Universitetdə müasir laboratoriyalar, emalatxanalar, tədqiqat mərkəzləri fəaliyyət göstərəcək və tələbələrə beynəlxalq standartlara uyğun imkanlar yaradacaq.
İtaliya uzun illərdir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyən əsas tərəfdaşlardan biridir. Son dövrlərdə Brüssel ilə Bakı arasında münasibətlərin müsbətə doğru inkişaf etməsi də təsadüfi deyil. Bu prosesdə İtaliyanın rolu mühüm sayılır.Ölkəmizin Avropada etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Bakı görüşü bir daha göstərdi ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər yalnız rəqəmlər və müqavilələrlə ifadə olunmur. Burada səmimiyyət, etimad və uzunmüddətli tərəfdaşlıq var. Enerjidən elmə, sənayedən mədəniyyətə qədər geniş sahələri əhatə edən əməkdaşlıq hər iki ölkəyə fayda gətirməklə yanaşı, beynəlxalq aləmdə də nümunəvi model kimi diqqət çəkir.
Xəzər rayonu, 334 №li tam orta məktəbin müəllimi
Qafarova Ləman