AnalitikaGündəmİqtisadiyyat

Son illərdə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycanın enerji ixracını daha da genişləndirləcək

2025-ci il iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində mötəbər tədbirlərin – 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etmiş və mühüm çıxışla yadda qalmışdır. Prezidentin bu tədbirdə səsləndirdiyi fikirlər, Azərbaycanın enerji sahəsində keçdiyi strateji yolun qiymətləndirilməsi və gələcəyə dair baxışları ilə seçildi. Dövlət başçısı çıxışında vurğuladı ki, məhz 1994-cü ildə keçirilmiş ilk Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın beynəlxalq enerji arenalarında tanıdılması baxımından mühüm hadisə olmuşdur. Həmin il – 1994-cü ilin sentyabrında isə ölkəmiz beynəlxalq neft şirkətləri konsorsiumu ilə “Əsrin müqaviləsi” adlandırılan tarixi sazişi imzalamışdır. Bu müqavilə təkcə Azərbaycan iqtisadiyyatının inkişafında deyil, bütövlükdə regionun enerji xəritəsinin formalaşmasında dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu saziş Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətinin və enerji diplomatiyasının təməlini qoymuşdur.

Prezident çıxışında Azərbaycanın ötən illər ərzində enerji sahəsində qazandığı uğurları xronoloji ardıcıllıqla təqdim etdi. Xüsusilə vurğulandı ki, “Əsrin müqaviləsi” əsasında həyata keçirilən Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri və Bakı–Tbilisi–Ərzurum (BTE) qaz boru kəməri sayəsində Azərbaycan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizlərinin yaradılmasında əsas rol oynamışdır.

Son illərdə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycanın enerji ixracını daha da genişləndirərək, Avropa bazarlarına dayanıqlı və alternativ qaz tədarükünü təmin etmişdir. Prezident İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan 8 ölkəyə təbii qaz ixrac edir və bu rəqəmin yaxın illərdə daha da artacağı gözlənilir. Ötən il ölkənin qaz ixracı 25 milyard kubmetr təşkil etmiş və bu, Azərbaycanın artan enerji potensialını nümayiş etdirmişdir.

Prezidentin çıxışında qeyd olunan digər önəmli məqam isə Azərbaycanın enerji siyasətinin yalnız neft və qazla məhdudlaşmadığı, ölkənin yaşıl enerjiyə keçid istiqamətində də ciddi addımlar atdığı idi. Cənab İlham Əliyev vurğuladı ki, hazırda Azərbaycan bərpaolunan enerji sahəsində bir neçə iri beynəlxalq layihə üzərində işləyir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonaları elan olunmuş və bu istiqamətdə konkret investisiya layihələri həyata keçirilir. Hədəf ondan ibarətdir ki, 2030-cu ilə qədər Azərbaycanın elektrik enerjisi istehsalının mühüm hissəsi alternativ mənbələr hesabına təmin olunsun.

Tədbirdə Prezident İlham Əliyev, həmçinin enerji təhlükəsizliyi məsələsinə də toxunaraq, Azərbaycanın tərəfdaş ölkələr üçün etibarlı enerji təchizatçısı olduğunu bir daha vurğuladı. Azərbaycanın enerji strategiyası uzunmüddətli tərəfdaşlığa, qarşılıqlı maraqlara və sabitliyə əsaslanır. Bu baxımdan Bakı Enerji Həftəsi kimi beynəlxalq tədbirlər həm tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, həm də enerji siyasətində yeni trendlərin müəyyənləşdirilməsi üçün mühüm platformadır.

30 il əvvəl əsasını qoyduğumuz enerji siyasəti bu gün yalnız milli iqtisadiyyatı gücləndirmir, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyi məsələlərində söz sahibi olan qlobal aktora çevrilmişdir.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button