
2026-cı il yanvarın 8-i Azərbaycanın enerji sektorunun inkişaf tarixində əlamətdar gün kimi yadda qaldı. Həmin tarixdə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı baş tutdu və bu hadisə ölkənin uzunmüddətli, ardıcıl enerji siyasətinin real nəticəsi kimi dəyərləndirildi. Gücü 240 meqavat olan bu stansiya enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili istehlakın təmin edilməsi və ixrac potensialının artırılması baxımından mühüm rol oynayır.
Layihənin əsası 2022-ci ilin yanvar ayında qoyulmuş, qısa zaman ərzində yüksək peşəkarlıqla həyata keçirilən tikinti işləri nəticəsində stansiya istifadəyə hazır vəziyyətə gətirilmişdir. Açılış mərasimində Prezident İlham Əliyev layihənin icrasında iştirak edən bütün tərəflərin əməyini xüsusi qeyd etmişdir. İnvestor qismində çıxış edən “ACWA Power” şirkətinin fəaliyyəti xüsusilə vurğulanmışdır. Bu stansiya şirkətin ölkədə reallaşdırdığı ilk bərpaolunan enerji layihəsi olsa da, planlaşdırılan yeni təşəbbüslər əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını göstərir. Eyni zamanda, “ACWA Power” gələcəkdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji layihələrdə də iştirak etməyi planlaşdırır.
Müasir dövrdə yeni generasiya güclərinin yaradılması mürəkkəb və yüksək məsuliyyət tələb edən prosesdir. Bu baxımdan yerli mütəxəssislərin bilik və bacarıqları xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji mənbələrinin iri həcmdə enerji sisteminə inteqrasiyası texniki imkanlarla yanaşı, maliyyə resursları və dəqiq strateji planlaşdırma tələb edir. Qarşıdakı illərdə bu sahədə layihələrin genişlənməsi nəzərə alınaraq, kadr potensialının və institusional imkanların gücləndirilməsi əsas prioritet kimi müəyyən edilib. Xarici investorlarla yanaşı, yerli şirkətlərin də bərpaolunan enerji sahəsinə artan marağı müsbət tendensiya kimi qiymətləndirilir.
Azərbaycan enerji siyasətində ənənəvi və bərpaolunan mənbələrin paralel inkişafı əsas prinsip kimi qəbul olunub. Mingəçevirdə istifadəyə verilmiş iri istilik elektrik stansiyası, Qaradağ Günəş Elektrik Stansiyası, Cəbrayılda inşa olunan obyektlər və “Xızı–Abşeron” KES bu strategiyanın ardıcıl həyata keçirildiyini sübut edir. Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə planlaşdırılan layihələr ölkənin müxtəlif bölgələrində mövcud potensialdan səmərəli istifadə edildiyini göstərir. Beynəlxalq qiymətləndirmələrə görə, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının 157 giqavat səviyyəsində olması bu sahədə uzunmüddətli strateji imkanların mövcudluğunu təsdiqləyir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış müqavilələr əsasında 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Bununla yanaşı, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına tikilmiş 40-a yaxın kiçik su elektrik stansiyasının ümumi gücü artıq 300 meqavatı ötür.
Enerji sektorunda əlverişli investisiya mühitinin yaradılması mühüm nəticələr verib. İndiyədək ölkəyə cəlb edilmiş 300 milyard dollardan artıq xarici sərmayə aparılan islahatların və iqtisadi sabitliyin göstəricisidir. Kredit reytinqlərinin yüksəlməsi, xarici borcun aşağı səviyyədə saxlanılması və valyuta ehtiyatlarının yüksək həcmi investisiya təhlükəsizliyini təmin edən əsas amillərdəndir.
Ümumilikdə, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın artırılması və uzunmüddətli strateji baxışın praktik ifadəsidir. Bu layihə qarşıdakı illərdə daha iri miqyaslı və kompleks enerji təşəbbüslərinin reallaşdırılması üçün etibarlı zəmin yaradır.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi


