
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2021-2025-ci illər üzrə yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələrinin sayı ümumilikdə azalan dinamika nümayiş etdirib.
Globalnews.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.
2021-ci ilin yanvar–sentyabr aylarında 1 171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 2022-ci ilin eyni dövründə bu göstərici 7,5% və ya 88 hadisə artaraq 1 259-a yüksəlib və son beş ilin ən yüksək nəticəsini təşkil edib.
Sonrakı illərdə isə yanvar–sentyabr ayları üzrə ardıcıl azalma müşahidə olunur. 2023-cü ilin ilk doqquz ayında yol-nəqliyyat hadisələrinin sayı 1 204 olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4% və ya 55 hadisə azalma deməkdir.
2024-cü ilin yanvar–sentyabr aylarında göstərici daha kəskin enərək 1 031 hadisəyə düşüb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 173 hadisə azalma deməkdir.
2025-ci ilin yanvar–sentyabr ayları üzrə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,2% və ya 126 hadisə azalma deməkdir. Rəqəmlər göstərir ki, son illərdə yol təhlükəsizliyi istiqamətində atılan addımlar və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində ölkədə yol-nəqliyyat hadisələrinin sayı davamlı şəkildə azalır.



