
Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, təkcə ötən illər ərzində Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir. Bu baxımdan keçən il mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir”. səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.
Bildirilib ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.
Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı yaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanı Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəklər”.
Aslanov Kamran,
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı



