Analitika

Siyasi partiyalar haqqında qanun öz əhəmiyyətinə görə əsas sənədlərdən biri sayılır

Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi. Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və bu istiqamətdə bütün imkanlardan istifadə olundu. Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi tarixi Qələbəmizin qazanılmasında mühüm əhəmiyyət kəsb etdi. İslahatlar qanunların daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması zərurətini də yaratdı. Bu yolda ən mühüm addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, siyasi partiya nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi, sonra Milli Məclisdə qanunun qəbul edilməsi oldu.

Bu qanun ilk dəfə 30 il bundan əvvəl qəbul edilmişdi. Bu müddət ərzində respublikamız sürətlə inkişaf edərək dünya birliyində yüksək tribuna qazanmış, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrilmiş, əlaqələri daha da genişlənmiş, ən başlıcası, dünyada qalib Azərbaycan kimi tanınmışdı. Belə bir şəraitdə siyasi partiyaların da öz işlərini müasir tələblər səviyyəsində qurmaq zərurəti yarandı. Əksər siyasi partiya rəhbəri Milli Məclisin sədrinə müraciət edərək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasının vacibliyini bildirdilər. Dünyanın 20 –dən çox aparıcı ölkəsinin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınaraq qanun layihəsinin hazırlanması prosesi başlandı. Venesiya Komissiyasının tövsiyəsi əsasında əvvəlcə layihənin geniş ictimai müzakirələri keçirildi. Əlliyə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada Milli Məclisə təqdim etdi. Şəffaflığın maksimum səviyyədə təmin olunması məqsədilə qanun layihəsi parlamentin saytında yerləşdirildi. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən qanun layihəsində əksini tapmış əsas məsələlərlə bağlı 40 sualdan ibarət ictimai rəy sorğusu keçirildi və Milli Məclisin komitələrində müzakirə olunduqdan sonra plenar iclasda üç oxunuşdan sonra qəbul edildi.

Yeni Qanunda diqqət çəkən əsas məqamlardan biri hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olmasıdır. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. O cümlədən dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button