Analitika

Siyasi dialoq prosesi milli həmrəyliyi gücləndirən çox mühüm vasitədir

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun prioritetlərindən biri də ölkədə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsidir. Son illər ölkəmizdə yaranan yeni siyasi dialoq mühiti bu baxımdan  çox mühüm və uğurlu nəticələrə yol açıb. Dövlət başçımızın təşəbbüsü ilə yeni dialoq mühitinin formalaşması qarşılıqlı etimadın aktuallaşmasına  şərait yaradıb. Siyasi partiya liderləri ilə  mütəmadi olaraq keçirilən görüşlər, onların fikirlərinə, təkliflərinə verilən dəyər iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin əsasını qoyub”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, demokratik, hüquqi dövlət quruculuğunda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rolu hər zaman önə çəkilirş Heç bir demokratik dövləti vətəndaş cəmiyyəti institutları olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın bu konteksdə təcrübəsi isə müsbətdir, nümunəvidir. Siyasi partiyalara, ictimai birliklərə fəaliyyətləri üçün normal şəraitin yaradılması dövlətimizin diqqət göstərdiyi əsas məsələlərdəndir. Eyni zamanda, ölkəmizdə istər siyasi partiyaların, istərsə də ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası mövuddur:

“Yeni qəbul olunmuş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyanın təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali iradənin təzahürüdür.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan və uğurla davam etdirilən siyasi dialoq prosesi, eyni zamanda, milli həmrəyliyi gücləndirən çox mühüm vasitədir. Siyasi konfiqurasiyanın yeni mərhələsində siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətlə malikdir. Bütün görülən işlər, siyasi sistemdəki dəyişikliklər, siyasi dialoqun dərinləşməsi onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin siyasi islahatlar kursu Azərbaycanın inkişafının davamlı xarakter daşımasını, ölkəmizin gücünün artmasını və milli birliyin möhkəmlənməsini təmin edən mühüm strateji amildir.

Oxşar Xəbərlər

Back to top button