Siyasi arenada Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin təməlləri daha da möhkəmləndirilir
Türkiyə-Azərbaycan əlaqələri inkişaf etməkdədir. Eyni tarixi kökdən şaxələnən türk dövlətləri olaraq regionda təhlükəsizliyin təmin edilməsi, dostluq və əməkdaşlıq xətti ilə münasibətlərin inkişafı üçün qardaşlıq bağları olan əlaqələrimiz çox önəmlidir. Dəyişən dünyanın siyasi xəttini izləməklə dövlətlər arasında öz yerini qoruyaraq daha güclü bir siyasi sima yaratmaq vacibdir. Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Ikinci Qarabağ müharibəsindən etibarən Türkiyə-Azərbaycan əlaqələri daha mütəşəkkil istiqamət aldı. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Eyni zamanda qələbəmizin bizə dah gözəl bir gələcək vədd etməsini göstərirdi. Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Bugün regionda sabitliyin qorunub saxlanılması üçün güclü ordu model qorunub saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Bu səbəbdəndir ki, dünyanın ən güclü ordusuna sahib olan Türkiyə ilə əməkdaşlıq bizə böyük qazanc gətirəcəkdir. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Bugünkü dünyada siyasi arenada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində gördük. Aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.Qarabağ məsələsinin tək həlli yolunun masa arxası deyil, həm də döyüş meydanı olması ehtimalını tətbiq etdik. Uzun illərdi ikili standart çərçivəsində davam edən danışıqların faydasız olmasını, əbədi əzəli torpaqlarımız hərbi gücümüzlə də geri qaytara biləcəyimizi isbatladıq.
Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Birgə həyata keçirəcəyimiz layihələr, xüsusilə enerji sahəsindəkilər bunu təmin edəcək. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır. Yeni razılaşmalarımıza əsasən biz razılığa gəldik ki, bundan sonra da artmağa davam edəcək. Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.
İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Bu əhəmiyyətli və zəruri bir məsələdir.
Təhsil istiqamətində də qarşılıqlı fəaliyyət göstərmək, əməkdaşlıq etmək üçün səylərimiz davam edir. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri bir çox siyasi mesaji öz üzərində ehtiva etdi. Rəcəb Tayyib Ərdoğan bugünki iki dövlət arasındakı münasibətləri əsas mahiyyətini dilə gətirmişdir. “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik. Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır. Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik. Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur.”
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi