Şirvanda şəhid ailələrilə görüş keçirilib
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ilin sonuncu cümə axşamında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ənənəvi olaraq şəhid ailələri ilə görüşüb.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəhər İcra Hakimiyyəti başçısının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edilib. Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra “Sərvət şadlıq sarayı”nda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb. Şanlı zəfərdə payı olan şirvanlı gənclərin ölkə başçısının səfərbərliklə bağlı çağırışına könüllü olaraq əzmlə və yüksək əhval ruhiyyə ilə qoşulduqlarını, hərbi əməliyyatlarda əfsanəvi qəhrəmanlıqlar və hünərlər nümayiş etdirdiklərini xatırladıb. Şəhidlərimizin əziz xatirəsinin tarix boyu daim qəlblərdə yaşayacaqlarını vurğulayıb və şəhid valideynlərinə vətənpərvər, şücaətli, igid oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan, qazilərin dünyanın ən mütərəqqi xəstəxanalarında müalicəsi, reabilitasiyası, yenidən cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən tədbirlərdən söz açıb, bu qayğının Şirvan şəhərində yüksək səviyyədə davam etdirildiyini vurğulayıb.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, onların hər birinin ölkə başçısı tərəfindən bir neçə medala layiq görüldüyünü, Zəfər Günü ərəfəsində növbəti 3 şəhidimizə də orden verilməklə Şirvandan 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, adlarının küçələrə verildiyini, digər şəhidlərin də adlarının əbədiləşdiriləcəyini diqqətə çatdırıb. Şəhidlər Xiyabanında ardıcıl abadlıq-quruculuq işlərinin aparıldığını, qısa müddətdə geniş və möhtəşəm ziyarətgaha çevrildiyini, şəhidlərin hər birinin yaşadığı məhəllədə xatirə guşələrinin, oxuduqları məktəbdə adlarına sinif otaqlarının yaradıldığını, əlamətdar günlərdə onların xatirəsinə həsr olunmuş şəhər tədbirlərinin keçirildiyini qeyd edib. Bundan sonra da şəhidlərimizə və qazilərimizə dövlət qayğısının davam etdiriləcəyini bildirib və qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara sağlamlıq, xoş əhval-ruhiyyə, növbəti ildə ölkəmizə əmin-amanlıq, tərəqqi arzulayıb.