Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifə olaraq diqqət mərkəzindədir
“Azərbaycan ordusu hərbi güc reytinqinin hansı səviyyədə olduğunu 44 günlük müharibədə əyani surətdə göstərdi və nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Elə bu gücün qarşısının alınmaz olduğunu görən işğalçı Ermənistan da kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Hərbçilərimizin Şuşanı azad etməsi isə tarixə qızıl hərflərlə yazılan qəhrəmanlıq, əzm və peşəkarlıq nümunəsidir və onun analoqu yoxdur. Bu əzmi, gücü yalnız torpağı işğal altında olan ölkənin qəhrəman əsgərləri göstərə bilərdi. Bu baxımdan, qalib ordumuzun Vətən müharibəsindəki taktikası dünya ölkələri tərəfindən hələ də öyrənilməkdədir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən üç il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq. Komando qüvvələri tam formalaşaraq böyük qüvvəyə çevrildi və artıq yeni komando qüvvələri yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Dəniz Qoşunlarının xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin türkiyəli həmkarları ilə təlimlərə cəlb olunması, təcrübə keçməsi və peşəkarlaşması göz önündədir. Bundan əlavə, iki ölkə arasında hərbi əməkdaşlıq nəticəsində ölkəmizin müdafiə sənayesi də inkişaf edib. Azərbaycan Ordusunun silah arsenalı müasirləşib və genişləndirilib. Uzun illər işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsində Türkiyə hərbçiləri ilə birgə keçirilən hərbi təlimlərin, Azərbaycan hərbçilərinin bu ölkədə təlim və təcrübə keçməsinin, eləcə də Türkiyədən alınan yeni növ silahların böyük rolu olub. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla davam etdirilir. Orduda islahatların aparılması və yeni hərbi birləşmələrin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
O əlavə edib ki, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifə olaraq diqqət mərkəzindədir. Ordumuz xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlara malikdir. Prezident İlham Əliyevin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.