
1998-ci il mayın 22-də Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başlanılıb. Peşəkar ordu quruculuğunun əsasları 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda qoyulmuşdur. 1991-ci il sentyabrın 7-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra burada Dövlət Müdafiə Komitəsi təsis olunub. Ardınca, 1992-ci il sentyabrın 19-da “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” qərar qəbul edilib. Həmin ilin oktyabrın 9-da Naxçıvanda ilk hərbi parad baş tutub. Bundan əvvəl – sentyabrın 15-də isə burada ilk milli ordu hissələrindən biri olan 705 saylı gücləndirilmiş motoatıcı briqada formalaşdırılıb və Dövlət Müdafiə Komitəsinin balansındakı bütün əmlak həmin hərbi hissəyə təhvil verilib. Azərbaycan Ordusunun təkmilləşdirilməsi prosesi isə 1993-cü ildə Heydər Əliyevin xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha geniş miqyas aldı. Qısa müddətdə hərbi qüvvələrin strukturu tam formalaşdırıldı, müxtəlif istiqamətlər üzrə hərbi hissələr yaradıldı və ordunun peşəkar heyətlə təmin olunması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bu dövrdən etibarən Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ başlandı. Ulu Öndərin milli ordu quruculuğu sahəsində əsasını qoyduğu prinsip və yanaşmalar bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə ordumuz ən müasir silah və texnika ilə təchiz olunub, hərbçilərimizin mənəvi və döyüş hazırlığı yüksək səviyyəyə çatdırılıb. Vətən müharibəsinə qədərki dövrdə Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı və nəticədə həm keyfiyyət, həm də kəmiyyət baxımından böyük irəliləyişlər əldə olundu. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücum əməliyyatlarına başladı. 44 gün ərzində düşmən darmadağın edildi, ərazi bütövlüyümüz bərpa olundu. Sonrakı illərdə həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin bütün ərazilərimizdə tam bərpa olunması ilə nəticələndi. Bu müharibə XXI əsrin ən sürətli və ən ədalətli savaşlarından biri kimi tarixə düşdü və Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü xalqımız tərəfindən böyük fəxarət və qürur hissi ilə qeyd olunur. Vətənə Böyük Qələbə sevincini yaşadan ordumuz gələcəkdə də müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatçısı olaraq qalacaq. Ümummilli Liderin sözləri bu gün də öz əhəmiyyətini qoruyur: “Ordu – ölkəmizin, millətimizin və dövlətimizin müstəqilliyinin əsas dayağıdır!”
Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi