Analitika

Səmərəli əməkdaşlıq tarixin yeni mərhələsində

Son aylarda rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə münasibətlərində dinamizm və intensivliyin artması müşahidə edilir. Bunu zəruri edən amillərdən biri də Ukraynadakı müharibə fonunda regionun nisbətən fərqli tranzit-kommunkasiya “xəritəsi”nin formalaşmasıdır. Azərbaycan mövcud imkanlardan bəhrələnərək bölgədə tranzit potensialını möhkəmləndirməyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağı və körpü rolunu oynamağa çalışır. 

İkinci Qarabağ Müharibəsindən sonra yeni mənzərənin formalaşdığı Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi strateji məsələ kimi meydana çıxıb. Eyni zamanda, Türkdilli dövlətlər arasında əlaqələrin son illərdə daha da genişlənməsi, Türkdilli Dövlətlər Birliyinin yaranması çoxvektorlu əlaqələr üçün yeni imkanlar açıb. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiyanın türkdilli respublikaları, xüsusilə Qırğızıstan, Özbəkistan və Qazaxıstan ilə münasibətlərinin strateji müstəvidə inkişafı xüsusilə qeyd oluna bilər. 

Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünya nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə Toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Bu gün isə Prezident İlham Əliyev Tacikistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edəcək. Bu, ilk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.

2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xətti formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə danışmasına böyük töhfə verəcək. Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.

“Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”.Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etdiyi zaman yadımıza düşən ilk məqamlardan biri də odur ki, Ulu öndər Heydər Əliyev bu əməkdaşlığın gənc müstəqil Azərbaycan dövləti üçün olduqca böyük əhəmiyyət kəsb etdiyini hələ müstəqilliyimizin ilk illərində–1994-cü il oktyabrın 18-də İstanbulda Türk Dövlətləri Başçılarının 2-ci Zirvə toplantısının açılışında söylədiyi nitqində demişdi. “Xəzərin o biri sahilndəki” dövlətlərlə təmasın əhəmiyyətindən danışan ümummilli lider xatırlatmışdı ki, həmin ölkələrlə Azərbaycan arasında tarixi ənənələr, dostluq və qardaşlıq əlaqələri əsrlər boyu mövcud olmuşdur. Biz əsrlər boyu bir yerdə yaşamışıq, bir adət-ənənələrdən istifadə etmişik və bir-birimizə həmişə kömək etmişik: “Azərbaycan ilə Xəzər dənizinin o tərəfində olan ölkələr arasında əlaqə həmişə sıx olub, çox etibarlı olub və mən bu gün artıq müstəqil dövlət olan dost, qardaş ölkələrin başçıları ilə görüşərkən, burada, İstanbulda bu tarixi bir daha yada salmaq istəyirəm və bir daha bildirmək istəyirəm ki, biz bu dostluq, qardaşlıq ənənələrinə həmişə sadiq olmuşuq, bundan sonra da sadiq olacağıq”.

Azərbaycan Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tranzit əlaqələrini genişləndirmək yükdaşımaların həcmini yüksəltmək üçün paralel olaraq Türkiyə və Gürcüstanla da sıx müzakirələr aparır. Təsadüfi deyil ki, son günlərdə hər üç ölkənin gömrük və nəqliyyat sahələrinə məsul nazirlərinin Tbilisidə keçilən görüşlərində avtomobil yolları, eləcə də Bakı-Tbilis-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.

Rəna Borayeva,
Xəzər rayonu, 234 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button