
Füzuli şəhərinin azad edilməsi Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq və fədakarlıq nümunəsi kimi yaşayır. 2020-ci il oktyabrın 17-də əldə olunan qələbə uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin xidmətləri ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan bu tarixi nəticə xalqımızın azadlıq iradəsini və Vətənə bağlılığını təcəssüm etdirir.
Füzuli istiqamətində döyüşlər ağır şəraitdə aparılırdı. Düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamları Azərbaycan əsgərlərinin qarşısında ciddi maneələr yaradırdı. Lakin hərbçilərimiz böyük cəsarət, dözümlülük və peşəkarlıq nümayiş etdirdilər. Onların qəhrəmanlığı şəhərin azad olunmasını təmin edən əsas amillərdən biri oldu.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, müharibə iştirakçılarına diqqət və onların ailələrinə qayğı dövlətin sosial siyasətində mühüm yer tutur. Füzulinin azad olunmasına görə medalın təsis edilməsi də bu tarixi qələbədə iştirak etmiş hərbi qulluqçuların xidmətlərinin qiymətləndirilməsinin nümunəsidir. Belə təşəbbüslər qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Bu gün Füzulidə aparılan bərpa işləri qələbənin həyatın yenidən qurulması ilə davam etdiyini göstərir. Doğma yurdlarına qayıdan ailələr, açılan məktəblər, yaradılan yaşayış məkanları və yenilənən yollar şəhərin dirçəlişinin əsas göstəriciləridir. Hər bir quruculuq layihəsi şəhidlərin uğrunda mübarizə apardıqları torpaqlarda həyatın bərpasına xidmət edir.
Füzuli Şəhəri Günü həm sevinc, həm də dərin ehtiram günüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş qələbənin mənəvi dəyəri xalqımızın yaddaşında daim yaşayacaq. Füzulinin inkişafı, sakinlərin qayıdışı və şəhərin gələcəyə inamla addımlaması şəhidlərimizin xatirəsinə ən böyük ehtiram nümunələrindən biridir.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



