Rusiya hərbçiləri Donetsk istiqamətində bəzi mövqelərdən geri çəkiliblər
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayəti istiqamətində bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar. İndi ukraynalı müdafiəçilər orada müdafiə mövqeləri qururlar.
Globalnews.az “Report”a istinadən xəbər verir ki, bunu Tavriç Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Aleksey Dmitraşkovski deyib.
“Donetsk istiqamətində müdafiəçilərimizin yaxşı əlaqələndirilmiş və bacarıqlı hərəkətləri sayəsində düşmən bəzi mövqelərdən geri çəkildi, indi biz bu mövqeləri müdafiə əməliyyatları üçün təchiz edirik”, – o deyib.
Dmitraşkovski qeyd edib ki, Rusiya ordusu şəxsi heyət və texnika baxımından xeyli itki verir. Eyni zamanda, kəşfiyyat məlumatlarına görə, Verxnetoretski ərazisində texnikanın cəmlənməsi müşahidə olunur. Beləliklə, yaxın gələcəkdə Rusiya ordusunun bu istiqamətdə daha güclü hərbi əməliyyatlara başlamağa cəhd edə biləcəyi ehtimalı var.
Bundan əlavə, onun sözlərinə görə, “vaqner”çilərin Avdeyevka şəhərində görünməsi ilə bağlı məlumatlar ortaya çıxıb, lakin hələlik bunun təsdiqi yoxdur.