AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Ulu Öndər Heydər Əliyev ideallarını yaşadan Yeni Azərbaycan Partiyası 33 ildir ölkəmizin strateji inkişaf yolunun aparıcı siyasi qüvvəsidir

“Azərbaycanın siyasi tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yeri və rolu müstəsna əhəmiyyət daşıyır. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan partiyamız müstəqilliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin inkişafı və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi üçün formalaşmış strateji platformadır. 1990-cı illərin əvvəllərində ölkənin daxilində hökm sürən siyasi gərginlik, sosial böhran və dövlətçiliyin parçalanma təhlükəsi Azərbaycan cəmiyyətini yeni bir siyasi gücün yaranmasına ehtiyac duymağa vadar etmişdi. Xalqın arzu və tələblərini ifadə edən “91-lər”in tarixi müraciəti isə, əslində, milli xilasa doğru atılmış ilk cəsarətli addım oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan Yeni Azərbaycan Partiyası məhz bu missiyanı – xalqın inamını doğrultmaq və ölkəni dağılmaq təhlükəsindən xilas etmək öhdəsini üzərinə götürdü”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 1992-ci il 21 noyabr tarixində Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalıb. 550 nəfərlik təşəbbüs qrupu tərəfindən YAP-ın yaradılması barədə qəbul edilən qərar Azərbaycanın gələcək siyasi stabilliyinə və inkişaf strategiyasının formalaşmasına möhkəm təməl qoydu. Həmin konfransda Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın lideri seçilməsi isə siyasi proseslərdə yeni mərhələnin başlanğıcı idi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik iradəsi və liderlik keyfiyyətləri qısa müddətdə YAP-ı ölkənin aparıcı siyasi qüvvəsinə çevirdi. Onun “dünənin, bu günün və sabahın partiyası” kimi səciyyələndirdiyi YAP Azərbaycan cəmiyyətində siyasi plüralizmin inkişafına, dövlətçiliyin möhkəmlənməsinə və beynəlxalq müstəvidə yeni mövqelərin qazanılmasına geniş imkanlar yaratdı.

“2005-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Partiyanın VII qurultayında qəbul edilən qərarlar YAP-ın inkişaf strategiyasını müasir çağırışlara uyğunlaşdırdı. Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi isə qadınların dövlət idarəçiliyində artan rolunun bariz göstəricisidir,” – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün Yeni Azərbaycan Partiyası 750 mindən çox üzvü ilə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi tanınır. Partiyanın yeni proqramında müəyyən edilən “Heydər Əliyev yolu”, “Müstəqillik”, “Azərbaycançılıq” kimi strateji hədəflər ölkənin inkişaf prioritetləri ilə tam uzlaşır. Eyni zamanda, YAP-ın müəyyənləşdirdiyi 11 strateji məqsəd – xüsusilə “Güclü iqtisadiyyat”, “Milli maraqların qorunması” və “Böyük Qayıdış” istiqamətləri – Azərbaycanın uzunmüddətli dövlət siyasətinin əsas dayaqlarındandır.

Rəşadət Xalıqov vurğulayıb ki, partiyanın beynəlxalq siyasət xətti tamamilə milli maraqlara söykənir. YAP-ın təşəbbüsü ilə formalaşan yeni siyasi dialoq modeli ölkədə milli həmrəyliyi, siyasi sabitliyi və sosial birliyi daha da gücləndirib. Beynəlxalq əməkdaşlıq istiqamətində atılan strateji addımlar isə Azərbaycanı beynəlxalq arenada etibarlı tərəfdaş və regional lider mövqeyinə yüksəldib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsini və Prezident İlham Əliyevin müasir dövlətçilik strategiyasını birləşdirərək ölkənin demokratik dəyərlərinin, iqtisadi gücünün və sosial dayanıqlığının möhkəmləndirilməsində əvəzsiz rol oynayır. YAP bu gün də həm milli, həm də beynəlxalq səviyyədə lider mövqeyini qoruyub saxlamaqda, Azərbaycanı yeni inkişaf mərhələlərinə aparmaqda qərarlıdır. Yeni Azərbaycan Partiyasının 33 illik yolu Azərbaycanın müstəqillik tarixinin ən parlaq və şərəfli səhifələrindən biridir. YAP bu illər ərzində ölkənin dövlətçilik dayaqlarını möhkəmləndirməklə yanaşı, inkişaf strategiyasının əsas aparıcı qüvvəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin isə yeni mərhələyə yüksəltdiyi bu siyasi təşkilat müasir Azərbaycan dövlətinin quruculuğunda həlledici rol oynamağa davam edir.

Oxşar Xəbərlər

Back to top button