
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən bildirib ki, dövlət başçısının ölkənin keçdiyi yolu dərindən təhlil etməsi, həm qələbələrin sevincini, həm də qarşıdakı çağırışların ağırlığını səmimi şəkildə bölüşməsi xalqda böyük ruh yüksəkliyi yaradıb. Bu ənənəvi görüşdə 2025-ci ilin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Məhz keçən il Vaşinqtonda sülh müqaviləsinin paraflanması ilə Ermənistan-Azərbaycan münaqişəsinə siyasi möhür vurulub. Prezidentin sözləri ilə desək, artıq beş aydır sülh şəraitində yaşayırıq və bu, xalqın ruhunda xoş əhvali-ruhiyyə, sabitlik və təhlükəsizlik hissi yaradıb. Bu, uzun illər çəkilən əziyyətin bəhrəsidir və ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.
Rəşadət Xalıqov qeyd edib ki, Prezident İlham Əliyevin toxunduğu xarici siyasət məsələləri – ABŞ ilə münasibətlərin yeni səviyyəyə qalxması, 907-ci düzəlişin aradan qaldırılması, Zəngəzur dəhlizinin açılması, Çinlə strateji tərəfdaşlıq və regional təşkilatlarda nailiyyətlər qürurvericidir. Bu uğurlar müstəqil siyasətin nəticəsidir və Azərbaycanı etibarlı regional körpü edir. Eyni zamanda, ölkə iqtisadiyyatında da möhtəşəm göstəricilər var. Xarici borc ÜDM-in cəmi 6,3 faizini təşkil edir ki, bu da tarixin ən aşağı səviyyəsidir. Valyuta ehtiyatları isə borcu 17 dəfə üstələyir. Qeyri-neft sektorunda 3,2 faiz artım, qaz ixracı isə 25 milyard kubmetrdən çox olub. Bərpaolunan enerji sahəsində böyük sıçrayış gedir: 2030-cu ilə qədər 6000 meqavat “yaşıl” enerji planlaşdırılır, xüsusən də Çin, Səudiyyə Ərəbistanı, BƏƏ şirkətləri bu prosesdə aktiv iştirak edir.
Rəşadət Xalıqov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri xüsusi diqqət mərkəzindədir. Artıq 70 min insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, yollar, enerji sistemi, su anbarları yenidən qurulur. Qeyd olunmalıdır ki, sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illərdə 5 sosial islahat paketi ilə 4 milyon insan əhatə olunub, maaşlar, pensiyalar və müavinətlər müntəzəm artırılıb. Şəhid ailələrinə və müharibə əlillərinə 16 min mənzil, ən müasir protezlər verilib. Prezident İlham Əliyevin müsahibə zamanı dilimizin qorunmasına toxunması isə ən həssas məqamlardan biri olub.
Rəşadət Xalıqov yekun vuraraq deyib ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın qələbə ruhunu, səmimi liderliyini və gələcək qüdrətini əks etdirir. “Güclü olan haqlıdır, amma sülh ən yaxşısıdır” – bu sözlər ölkəmizin indi yaşadığı sülh, quruculuq və qlobal nüfuz dövrünü tam ifadə edir. Bu, hər bir azərbaycanlının qürur duyacağı möhtəşəm yolun davamıdır.



