AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov : Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan xarici siyasətinin balanslı, praqmatik və çoxşaxəli xarakterini bir daha ortaya qoydu

“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimad, siyasi sabitlik və strateji tərəfdaşlıq amili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına həyata keçirdiyi rəsmi səfər və səfər çərçivəsində verdiyi bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu səfər Avrasiya məkanında formalaşan yeni siyasi və iqtisadi əməkdaşlıq modelinin mühüm göstəricisi kimi qiymətləndirilə bilər”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan ilə Serbiya arasında uzun illərə söykənən dostluq münasibətləri oldu. Dövlət başçısının qeyd etdiyi kimi, liderlər arasında formalaşmış şəxsi münasibətlər ölkələrarası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Serbiya Prezidenti Aleksandar Vuçiçin dövlət maraqlarını prioritet hesab edən siyasəti Azərbaycanın yüksək qiymətləndirdiyi əsas amillərdəndir. Səfər çərçivəsində keçirilən Azərbaycan–Serbiya Strateji Şurasının birinci iclası münasibətlərin institusional səviyyədə inkişafının göstəricisi oldu. Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə ortaq mövqe nümayiş etdirdilər. Xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstək iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə hörmətin regional sabitlik üçün vacib olduğunu bir daha ön plana çıxarır.

O əlavə edib ki, eyni zamanda, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazırdır. Birgə elektrik stansiyasının tikintisi layihəsi iqtisadi əməkdaşlığın yeni mərhələsi hesab oluna bilər. Bu təşəbbüs yalnız iqtisadi dividendlər yox, həm də enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Serbiyada formalaşdırılmış müsbət investisiya mühiti və həyata keçirilən iqtisadi islahatlar ölkəni xarici investorlar üçün cəlbedici məkana çevirib. Azərbaycanın bu prosesdə aktiv iştirak etməsi iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdiyini göstərir. Həmçinin enerji sektoru Azərbaycan–Serbiya münasibətlərinin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə əldə edilən razılıq Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm addımdır. Azərbaycanın artan enerji ixrac potensialı və bərpaolunan enerji layihələrinə yatırdığı sərmayələr gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır. 2032-ci ilə qədər əlavə enerji gücünün yaradılması planı Azərbaycanın Avropa enerji bazarında rolunun daha da güclənəcəyini göstərir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan xarici siyasətinin balanslı, praqmatik və çoxşaxəli xarakterini bir daha ortaya qoydu. Azərbaycan və Serbiya arasında formalaşan strateji əməkdaşlıq bütövlükdə regionun iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və siyasi sabitliyinə mühüm töhfə vermək potensialına malikdir. Mövcud dinamika göstərir ki, qarşıdakı illərdə Azərbaycan–Serbiya münasibətləri daha geniş miqyasda inkişaf edərək yeni uğurlara imza atacaq.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button