Analitika

Rəşadət Xalıqov: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması cənab Prezidentin çox güclü siyasi iradəsinin göstəricisidir

“Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması cənab Prezidentin çox güclü siyasi iradəsinin göstəricisidir. Cənab Prezidentin dediyi kimi, əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi. Bu səbəbdən Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Eyni zamanda, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

“Təsadüfi deyil ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu da bir daha “Laçın” sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyətini, milli maraqlarımızın qorunması naminə siyasi iradənin nümayişini və ali ədalətin təntənəsini faktlarla sübuta yetirmiş oldu”.

Onun sözlərinə görə, “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.

“Eyni zamanda tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir”. – deyə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov əlavə edib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button