Rəşadət Xalıqov: Elmin gücü və intellektual kapital ölkənin müstəqilliyinin, suverenliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynayır

“Azərbaycan elmi bu gün müasir çağırışlara cavab verən, dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş strateji sahə kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu reallığı Prezident İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirdiyi fikirlər bir daha təsdiq etdi. Dövlət başçısımızın çıxışı Azərbaycan elminin gələcək inkişaf konsepsiyasının aydın və dərin elmi-siyasi manifesti kimi qiymətləndirilməlidir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, AMEA-nın yaranmasından ötən 80 il ərzində Azərbaycan elmi mühüm nailiyyətlər qazanmış, ölkənin intellektual potensialının formalaşmasında, milli kimliyin və mədəni irsin qorunmasında əvəzsiz rol oynayıb. Prezident İlham Əliyev qeyd edib ki, çağdaş dövrdə elmin qarşısında yeni vəzifələr dayanır – texnoloji tərəqqi, süni intellekt, yaşıl enerji, rəqəmsallaşma və innovasiya istiqamətləri müasir elmin prioritet istiqamətlərinə çevrilməlidir. Bu fikirlər bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən elmi siyasət təkcə elmin özünün inkişafına deyil, həm də ölkənin sosial-iqtisadi, texnoloji və ekoloji təhlükəsizliyinə xidmət edir. “Bizim məqsədimiz elmi potensialı gücləndirmək, gənc tədqiqatçıların fəaliyyətini stimullaşdırmaq və Azərbaycanı regionun elmi mərkəzinə çevirməkdir” – deyən dövlət başçısı bu istiqamətdə qarşıya qoyulan məqsədlərin konkret icra mexanizmlərini də müəyyənləşdirib.
“AMEA-nın 80 illik yubileyi həm də elmi irsin qorunması və yeni nəsil alimlərin yetişdirilməsi baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Azərbaycanın gələcəyi elm və təhsilin vəhdətindən keçir. Dövlətin elmə göstərdiyi qayğı – elmi müəssisələrin müasirləşdirilməsi, tədqiqatların beynəlxalq səviyyəyə inteqrasiyası və innovasiya yönümlü iqtisadiyyatın qurulması – milli intellektual inkişafın dayanıqlı əsaslarını formalaşdırır”.- deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün ölkəmizdə həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də elmin rolu xüsusi yer tutur. Elm sahəsinin inkişafı artıq dövlət təhlükəsizliyi, enerji diplomatiyası və ekoloji sabitlik qədər vacib strateji məsələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, elmin gücü və intellektual kapital ölkənin müstəqilliyinin, suverenliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan elmini qlobal intellektual məkanın ayrılmaz tərkib hissəsinə çevirmək məqsədi daşıyır.



