
“Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar ölkənin həm daxili, həm də beynəlxalq siyasətində uğurlu strategiyanın açıq göstəricisidir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş idman xətti ölkənin müasir inkişaf modelində əsas istiqamət olaraq qorunur və Prezident İlham Əliyev tərəfindən sistemli şəkildə inkişaf etdirilir. Ulu öndər Heydər Əliyev idmanı yalnız fiziki fəaliyyət və əyləncə kimi yox, milli ruhun möhkəmləndirilməsi, gənclərin tərbiyəsi və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi aləti kimi qiymətləndirmiş və bunun üçün normativ baza, idarəetmə mexanizmləri yaratmışdır. Prezident İlham Əliyev həmin strategiyanı müasir çağırışlara uyğunlaşdıraraq regional inkişaf modeli ilə tamamlayır”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın idman siyasətində dövlətin idmançılarla birbaşa əlaqəsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tərəfindən təşkil olunan görüşlər, idmançıların nailiyyətlərinin qiymətləndirilməsi və təltif edilməsi uzun illərdir davam edən ənənəyə çevrilib. Bu proses yalnız fərdi uğurları qeyd etməklə kifayətlənmir, həm də gənclərə və ictimaiyyətə idman sahəsinə göstərilən diqqətin, əməyi qiymətləndirilən insanların nümunə kimi təqdim edilməsinin açıq mesajını verir. Dövlət tərəfindən verilən medallar, fəxri adlar və təltiflər idmançıların motivasiyasını artırmaqla yanaşı, ölkənin idman siyasətində ardıcıllığın və məsuliyyətin qorunduğunu göstərir.
“Eyni zamanda, idman siyasəti Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur layihələri ilə tamamlanır. Bu bölgələrdə yaradılan imkanlar sosial-iqtisadi inkişaf, turizm axını və gənclərin müxtəlif idman növlərinə cəlb olunması baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın idman sahəsində müşahidə olunan uğurlar Prezident İlham Əliyevin ardıcıl rəhbərliyi, strateji idarəetmə və Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xəttin davam etdirilməsi nəticəsində mümkün olmuşdur”
Onun sözlərinə görə, Azərbaycan idmanı dövlət siyasətinin institusional elementidir, regional inkişafın, gənclərin tərbiyəsinin və ölkənin beynəlxalq imicinin güclənməsinin göstəricisidir. Bu uğurlar ölkənin strateji baxışının, sistemli idarəetməsinin və ardıcıl inkişafının bariz nümunəsidir.



