
“Azərbaycan artıq ikinci ildir ki, 20 Sentyabr tarixini – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününü təntənə ilə qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən təsis edilən bu gün 30 illik həsrətin, minlərlə igidin canı və qanı bahasına qazanılan Zəfərin rəmzidir. Bu gün həm də Ermənistanın və qondarma qurumun silahlı birləşmələrinin birdəfəlik tərk-silah edilməsinin, Azərbaycan ərazilərindən qovulmasının hüquqi-siyasi nəticəsi kimi tarixə düşüb”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızı ucaltdı. Dövlət başçısının həmin çıxışı milli yaddaşımızda dərin iz qoydu: “Prezident seçildiyim gündən qarşıma əsas vəzifə qoymuşdum – işğalda olan bütün torpaqlarımızda Azərbaycan Bayrağı qaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik. Və bu gün o an yetişdi.” Ardınca 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın hərbi-siyasi qüdrətini, qalib xalqımızın birliyini bir daha nümayiş etdirdi.
“Ali Baş Komandanın qətiyyətli iradəsi nəticəsində azad olunmuş şəhər və rayonlarda bərpa-quruculuq işləri geniş vüsət alıb. Bu prosesin mühüm həlqəsi kimi Qarabağ Universitetinin yaradılması xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə təsis edilən bu ali təhsil ocağı regionda intellektual potensialın güclənməsinə xidmət edir.
Eyni zamanda, 2023-cü ilin dekabrında Ağdərə rayonunun inzibati ərazi vahidi kimi bərpa olunması tarixi ədalətin bərpası idi. Həmin ay Xankəndidə “Qarabağ” futbol klubunun oyunu isə 30 illik fasilədən sonra bölgənin mədəni-idman həyatına qayıdışın simvoluna çevrildi” .
Onun sözlərinə görə, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız tarixi ədalətin bərpasının deyil, həm də Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin müzəffər siyasi kursunun təntənəsidir. Bu gün xalqımızın milli qürurunun, dövlətçiliyimizin möhkəmliyinin rəmzi kimi hər il qeyd olunacaq.